Müasir məktəbəqədər təhsilin inkişaf göstəricisi kimi


Modern təhsil sisteminin inkişaf tendensiyasıməktəbəqədər təhsilə zamanın dəyişən tələblərinə uyğun tələbyönümlük prinsipi əsasında, innovativ yönümdə yanaşmanı aktuallaşdırır. Bu baxımdan, qeyd etmək lazımdır ki, son illər respublikamızda təhsilin digər pillələrində olduğu kimi, məktəbəqədər təhsil pilləsində də keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan davamlı islahatlar, əhəmiyyətli dəyişikliklər innovativ yanaşmaların təzahürü kimi təhsilin məzmununu yeniləşdirməklə, cəmiyyətin dəyişən ehtiyac və tələblərinə xidmət edir.

 

Məktəbəqədər təhsilin məzmununun ümumbəşəri mövqedən yeniləşdirilməsi və dünya təhsil sisteminə inteqrasiya olunması bu sahədə yeni texnologiyalardan, təhsil modellərindən istifadəni zəruri məsələlərdən biri kimi qarşıya qoyur ki, bütün bunlar da özünü məktəbəqədər təhsilin kurikulumunda geniş formada əks etdirir. Məktəbəqədər təhsildə yeni təlim texnologiyalarından istifadə məktəbəqədər yaşlı uşaqların gələcək həyata hazırlanmasında, uşaq şəxsiyyətinin formalaşmasında, hərtərəfli inkişafında, uşaqların sərbəst fəaliyyətində, intellektual potensialının üzə çıxarılmasında müstəsna əhəmiyyətə malikdir. Texnologiyaların sistemli tətbiqi ilə uşaqların müstəqil fəaliyyət, fikirlərini sərbəst ifadə etmək, tədqiqatçılıq, koqnitiv, kommunikativ və s. kimi bacarıqlara yiyələnmələrində STEM təhsil modelinin xüsusi yeri vardır. İngilis dilində “Science”, “Technology”, “Engeenering” və “Math” sözlərinin baş hərflərinin birləşməsi olan STEM “Elm”, “Texnologiya”,  “Mühəndislik” və “Riyaziyyat” sözlərindən yaranmış və sadalanan elm sahələrinin inteqrativ tətbiqini reallaşdıran innovativ təhsil modelidir. Bu təhsil modelinə uyğun olaraq məktəbəqədər təhsilin kurikulumunun inkişaf sahələrinin inteqrasiya yolu ilə məzmun standartlarının reallaşması məktəbəqədər yaşlı uşaqların (3-6 yaş) müxtəlif fəaliyyətlər zamanı biliklərini elmi, texnoloji, konstruksiya, məntiqi və elementar riyazi bacarıqlarında müstəqil nümayiş etdirmələrinə geniş imkanlar yaradır. Bu zaman uşaqların obyektiv aləmdə mövcud olan cism və hadisələri daha yaxından görüb, dərk etməsi, texnologiya, mühəndislik (tikinti-quraşdırma) sahəsində  yiyələndikləri bilik və bacarıqlarının səviyyəsi daha aydın görünür.

 

Bu gün respublikamızda məktəbəqədər təhsil sahəsində gedən uğurlu irəliləyişin tez-tez dəyişən sosial mühitdə uşaq şəxsiyyətinin, intellektinin, özünüinkişaf və özünütənzimləmə mexanizmlərinin formalaşmasına təkan verməsi STEM modelinin tətbiqi zəruriliyini aşağıdakı faktorlarla izah edir:

 

- STEM modeli Məktəbəqədər təhsilin kurikulumunun tələbyönümlülük prinsipinə əsasən təlim prosesini əhəmiyyətli dərəcədə fəallaşdırır və uşaqların yaradıcı fəaliyyəti üçün geniş şərait yaradır;

 

- STEM uşaqların müstəqil fəaliyyətinin təşkilinə xidmət etməklə sərbəst araşdırma aparmalarına, problemlərin həlli yollarını bir neçə cəhddən sonra tapmalarına şərait yaradaraq, onlarda özünəinam və təşəbbüskarlıq formalaşdırır;

 

- Məktəbəqədər təhsilin kurikulumunun nəticəyönümlülük prinsipinə əsasən tədqiqatçı qismində çıxış edən uşaqların təcrübi potensiallarının artması onların biliklərinin bacarıqlarında kompetensiyaya çevrilməsinə şərait yaradır;

 

- STEM inkişafetdirici mühit yaradaraq uşaqların  birgə fəaliyyətini təmin edir;

 

- pozitiv atmosferdə təlim motivini artıraraq uşaqlara stimul verir və s.

 

Məktəbəqədər təhsil kurikulumunun təlimin innovativ texnologiyalarla təşkilində diqqətin konkret biliklərə deyil, biliklərin bacarıqlara çevrilməsinə yönəltməsi uşaqları müstəqil, yaradıcı şəxsiyyət kimi inkişaf etdirməklə, onlarda ünsiyyət və özünüdərketmə, mühakimə yürütmə, nəticəyə gəlmə, məntiqi təhlil, təsnifat aparma və s. kimi keyfiyyətlər formalaşdırır. Bu baxımdan, STEM modelinin tətbiqi də uşaqların tədqiqat fəaliyyətlərini formalaşdıraraq, onlarda öyrənməyə maraq və məhəbbət hissi, stimullaşma yaratmaqla məktəbəqədər təhsildə differensiallaşma və fərdiləşmənin, demokratikləşmənin  təmin olunmasına şərait yaradır.

 

Araşdırmalar göstərir ki, uşaqların elmi, texnoloji, mühəndislik (konstruktiv bacarıq) və riyazi bacarıqlarının inteqrativ şəkildə formalaşmasını təmin edən STEM təhsil modelinin tətbiqi məşğələ və məşğələdənkənar fəaliyyət zamanı aşağıdakı göstəricilərlə səciyyələnir:

 

- uşağın müstəqil düşünüb qərar verərək yaradıcı fəaliyyətə cəlbi;

 

- fərdi, yaxud yoldaşları ilə birgə səmərəli qarşılıqlı fəaliyyət göstərməsi;

 

- təlim, oyun və s. fəaliyyət növlərinin icrası zamanı quraşdırma işləri ilə mühəndislik, əşyaların ölçü və sayının, forma və kütləsinin müəyyənləşdirilməsi ilə sadə riyazi, məntiqi bacarıqların formalaşdırılması;

 

- sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;

 

- uşağın yaradıcı təfəkkürünün və praktik fəallığının inkişafi;

 

- əldə edilmiş biliklərin müstəqil formada təcrübəyə tətbiqi;

 

- təlim zamanı müasir resurslardan və İKT-dən istifadə;

 

- özünü və yoldaşlarını qiymətləndirmə;

 

- obyektiv aləmdə mövcud olan cism və hadisələr haqqında, onlar arasındakı səbəb və nəticə əlaqələrini mənimsəmə və s.

 

Göründüyü kimi, STEM-in tətbiqinin vacibliyi ondan irəli gəlir ki, bu təhsil modeli elmi və texnoloji baxımdan uşaqların gündəlik həyatda bütün fəaliyyət sahələrini əhatə edir. Belə ki, səma cismləri, təbiət hadisələri, torpaq, su, işıq, bitkilər, heyvanlar və s. haqqında biliklər uşaqlarda elmi bacarıqların; mövcud texnoloji komponentlər: telefon, kompüter, televizor və s. haqqında informasiya texnoloji bacarıqların; körpü, ev, bina, qaraj, yol tikintisi və s. haqqında biliklər isə uşaqlarda elementar mühəndislik bacarıqlarının   formalaşdırılmasına təkan verir ki, bunu da uşaqlar pazl və digər konstruktiv materiallarla, yaxud müxtəlif təbii resurslar, tullantı materialları ilə tikinti-quraşdırma, yapma fəaliyyətlərində sərbəst nümayiş etdirirlər. Bu fəaliyyətlər uşaqlarda yüksək əhvali-ruhiyyə yaradır, çünki onlar bu prosesdə yoldaşları ilə birgə fəaliyyət zamanı müstəqil olaraq elmi-texnoloji-konstruksiya-riyazi bilik və bacarıqlara komplekt şəkildə təcrübi yolla yiyələnirlər.

 

Qeyd etmək lazımdır ki, uşaqların bilik və bacarıqlara bu cür inteqrativ yolla yiyələnmələrində oyunun rolu daha böyükdür. Bu baxımdan, STEM-in oyunla tətbiqi uşaqların yeni biliklərə asanlıqla yiyələnmələrinə, ətrafdakı əşya və hadisələri daim izləyərək müşahidələrinə əsasən öz “kəşflərini” yaradıcı məhsullarında böyük zövqlə nümayiş etdirmələrinə şərait yaradır. Uşaqlarla bu istiqamətdə işin səmərəli təşkili üçün valideynlərin də STEM modeli ilə tanış edilməsi, maarifləndirilməsi əsas şərtlərdəndir. Belə ki, valideynlərin tərbiyəçi-müəllimin tövsiyələri əsasında ailədə elmi-texnoloji, riyazi-məntiqi və konstruktiv məzmunlu oyunlar təşkil etmələri uşaqların inkişafı baxımından bu istiqamətdə aparılan işin səmərəli təşkilinə böyük dəstək verir.

 

Problemin aktuallığı: Respublikamızda məktəbəqədər təhsilin kurikulumuna əsasən innovativ texnologiyalarla təşkil olunmuş təlimdə uşaqların qarşılıqlı ünsiyyət və əməkdaşlıq, yaradıcılıq, tənqidi düşüncə və s. bacarıqlara inteqrativ şəkildə yiyələnmələri STEM təhsil modelinin tətbiqini aktuallaşdırır.

 

Problemin elmi yeniliyi: Məqalədə məktəbəqədər yaşlı uşaqların müxtəlif fəaliyyət növləri zamanı texnologiya, tikinti və s. konstruktiv işlərə, elementar riyazi bilik və bacarıqlara inteqrativ yolla yiyələnmələrində STEM təhsil modelinin tətbiqi yolları geniş xarakterizə olunur.

 

Kifayət MƏMMƏDOVA,

Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi