Elm vəTəhsil Nazirliyində əmək fəaliyyətinə başlayan “Maarifçi” təcrübə proqramının məzunlarından biri də Nurlan Əsədzadədir. O, “Azərbaycan müəllimi”nə keçdiyi imtahanlardan, qazandığı uğurlardan, seçilən olmasının sirlərindən danışıb.
 
Nurlan kimdir?
 
Nurlan hələ 21 yaşındadır. Bu yaşda bir insanın nəyə nail olması mümkündürsə, o da bacarıb. Bakıdakı 140 nömrəli tam orta məktəbdən məzun olub. Tələbəliyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində iqtisadiyyat və menecment fakültəsində başlayıb. Bakalavr təhsilini bitirən kimi yenidən Dövlət İmtahan Mərkəzinə baş vurub. Nəticə uğurlu olub və bu il magistraturanı qazanıb. İndi Azərbaycan Dövlət İqtisad Universitetinin magistridir. O, burada “Biznesin idarə edilməsi və rəqəmsal marketinq” ixtisası üzrə təhsil alacaq. Doktorant da olmaq istəyir. Yeni hədəfi budur: “Gələcəklə bağlı hədəflərim, planlarım çoxdur. Magistratura təhsilimi bitirib növbəti təhsil səviyyəsi - doktoranturaya müraciət edəcəyəm. Doktorant sonra iqtisad üzrə fəlsəfə doktoru olmaq istəyirəm. Xarici dil biliyimi artırmaq, ingilis dili üzrə bu il üçün beynəlxalq dil sertifikatı almaq əsas hədəfimdir. Sonra marketinq sahəsində beynəlxalq səviyyədə peşəkarlığa sahib olmaq, beynəlxalq sertifikatlı yaxşı bir mütəxəssisə çevrilmək, seçdiyim yolda yaxşı kadr kimi yetişmək başlıca məqsədlərimdəndir”.
 
Görəsən, Nurlan kimdir? - sualına Nurlanın cavabı nə olardı?
 
Nurlan hesab edir ki, kimliyinin formalaşmasında özü ilə yanaşı, vacib kənar amillərin çox böyük rolu var. Məsələn, o, çox böyük payı ailəsinə ayırıb, qalanını müəllimləri, çevrəsi, dostları arasında bölüşdürüb: “Mənə verilən tərbiyə, ailəmdən aldığım həyat dərsi bu günümün təməlidir. Məhz ailəm sayəsində məktəbdə yoldaşlarımdan bir addım irəlidə idim. Universitetdə də fərqlənirdim. Bir sözlə, həyatda akademik göstəricilərdən daha çox lazım olan vacib dərsləri ailəmdən aldım”. 
Müəllimlərinə minnətdardır: “Çünki düzgün təhsil almağımda onların rolu böyükdür”.
 
Bir şəxsiyyətin formalaşmasında onu əhatə edənlər də önəmlidir, məsələn dostları. Nurlan deyir ki, insan 6 dostunun ortalamasıdır: “Düşünürəm ki, əhatə dairəmin genişliyi, çevrəmin də inkişafa meyilli olması peşəkar formalaşmağımda vacib rola malikdir”.
 
Amma bu prosesdə özünü də unutmur: “Təbii ki, əziyyətim, zəhmətkeşliyim, daim inkişafa açıq olmağım, öyrənməyə meyilli şəxs kimi formalaşmağım da vacib amildir. Yeni layihələrdə iştirak edir, şansları dəyərləndirir, daim fürsətlər axtarıram. Uğur qazanmağımda əsas payı bunlar təşkil edir”.
 
Sadaladıqları inkişafında kompleks şəkildə rol oynayıb. “Yəqin ki, birini digərindən ayrı qiymətləndirmək olmaz”, - deyir. 
 
Çox bilgi sürətli və düzgün qərar verməyə kömək edir
 
Gənc “Maarifçi” hesab edir ki, məlumatlılıq sürətli qərar vermə üçün vacibdir: “Odur ki, istər təhsil alarkən, istərsə də hər hansı proqrama, layihəyə müraciət edərkən, ilk növbədə, bu amilə diqqət edirəm. Şərtlərlə, tələblərlə yaxından tanış oluram və bu, sürətli və düzgün qərar verməyimə kömək edir”.
 
Elə buna görə də yanlış qərarları hələ ki yoxdur. O, belə hesab edir: “Təmkinli biriyəm. Qərar vermədən öncə məsələ üzərində düşünür, müxtəlif prizmalardan yanaşıram. Ani qərarlar verənlərdən deyiləm. Ona görə də həyatımın keçmiş səhifələrinə baxıb təəssüfləndiyim hallar yoxdur. Doğrudur, səhvsiz insan olmaz, ancaq keçmişə baxıb təəssüfləndiyim, əlimdə fürsətim olsa, geri qayıdıb düzəltmək istədiyim bir yanlışım olmayıb”.
 
Amma qərar verməkdə çətinlik çəkdiyi halları da xatırlayır: “Düşünürəm ki, çətin qərarlarda da doğru seçim edə bilmişəm. Bunlardan biri öz ixtisasımı seçməyimdir. İxtisas seçimi zamanı II ixtisas qrupunda yer alan iqtisadiyyat yönümlü bir neçə mənim üçün maraqlı yerdən özümə ən yaxın olan marketinqi seçdim və bu gün hələ də bu qərarımdan əminəm. Hazırda rəqəmsal marketinq sahəsinə yiyələnirəm, öz üzərimdə işləyirəm, daim öyrənirəm. Düşünürəm ki, günün trend sahələrindən biri də marketinqdir və nə yaxşı ki bu sahəni seçmişəm”.
 
Ən həyəcanlı imtahanı
 
Hələ cəmi 21 yaşı olduğuna baxmayaraq, artıq 50-dən çox məsuliyyətli imtahandan keçib: “Həyatımda imtahanlar çox olub. Müxtəlif çətinlik dərəcəsi olan imtahanlardan keçmişəm: təcrübələr, layihələr üçün müsabiqələrə qatılmışam. Onlardan ən həyəcanlısı Elm vəTəhsil Nazirliyində “Maarifçi” Tələbə Təqaüd Proqramına müraciət zamanı həyata keçirilən imtahan oldu. Proqramda ilkin tanışlıq, test və müsahibə mərhələsində uğurla iştirak edərək 2000 namizəd arasından seçilən 28 “Maarifçi”dən biri odum”.
 
Niyə onu seçirlər?
 
Nurlan seçdiyi kimi, seçilirdə. Seçilənlərdən olmasının səbəbi iştirak etdiyi layihə və təcrübələrin qazandırdığı bacarıqlardır: “Liderlik, problem həll etmək, komanda ilə işləmək bacarıqları ilə yanaşı, insanları anlaya bilmə, başqalarının hisslərini başa düşmək də çox önəmlidir. Lider ruhlu biriyəm və bu da uğur qazanmağımda səbəblərdən biridir. Komanda da fikir formalaşdıran, hər hansı iş zamanı söz sahibi mənəm. Bunu görürəm, ancaq tək öz fikirlərimi də diktə etmirəm, öz komanda yoldaşlarımın fikirlərini qiymətləndirirəm.  
 
Seçilməsində daha bir vacib amil onun həyəcanını idarə edə bilməsidir. Necə? Gənc deyir: “XI sinifdə DİM-in buraxılış imtahanına gedəndə həyəcanımı xatırlayıram. Məsuliyyətli imtahanlara girəndə hamı həyəcanlanır ki, bu da təbiidir. Amma o həyəcanın öhdəsindən gəlmək mümkündür. İmtahana, müsahibələrə, ümumiyyətlə, hər hansı seçimə yaxşı hazırlaşıb, detallarına qədər öyrənib qatılırsansa, burada uğur qazanmağına həyəcanın mane olmasına yol verə bilməzsən. Həyəcanı idarə etməlisən. 
 
Fəal ol, uğur qazan
 
Özü kimi gənclərə, yeniyetmələrə fəal olmağı tövsiyə edir: “Bəzən şagird və tələbələr akademik nəticələrinə elə köklənir ki, dərsdən sonrakı saatlarında fəallıq göstərə bilmir, hər hansı başqa bacarıqlara yer qalmır. Məktəbdə də, universitetdə də fəallardan olmuşam. Məsələn, məktəbdə həm yaxşı oxuyur, həm də rəqs məşğələlərinə qatılırdım. Rəqsə getdiyim 6 il ərzində hətta Heydər Əliyev Sarayında çıxış belə etmişdim. Ali məktəbə gəlincə, yüksək göstəricilərlə - 95 ortalama ilə bakalavr təhsilimi bitirmişəm. Universitetdə təşkil olunan elmi-texniki konfranslarda fəal iştirak etmişəm, 2 il dalbadal məqalələrim və elmi tezislərim çap olunub. Dövlət Vergi Xidmətinin təşkil etdiyi Vergi olimpiadasının qaliblərindənəm. “Yüksəliş” proqramının mentorluq layihəsi çərçivəsində ölkə üzrə seçilən 18 tələbədən biriyəm. “Bir könüllü”, “ASAN xidmət”, Dövlət Miqrasiya Xidmətlərində 3, 6, 9 ay könüllülük fəaliyyətlərim olub. İxtisasımla bağlı təcrübələrdə iştirak etmişəm. “Azərsun Holdinq”, “ASAN xidmət”, Beynəlxalq Bankda təcrübələr keçmişəm”.
 
N.Əsədzadənin fikrincə, hədəfə doğru məqsədyönlü davranış uğurların açarıdır: “Şərtləri düzgün qiymətləndirir, doğru zamanda doğru yerdə olmağa çalışıram. Bu da mənə uğur qazanmağımda kömək edir”.
 
Ruhiyyə DAŞSALAHLI