Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının qrup mərhələsi başa çatıb.

 

Qrup mərhələsində 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandası 8 yarımqrupda mübarizə aparıb. Oyunların nəticələrinə əsasən, 16 komanda play-off mərhələsinə vəsiqə qazanıb.

 

“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarına dekabrın 24-də yekun vurulacaq.

 

Futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

 

Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd ali və orta ixtisas təhsilli müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçiminin təminatıdır. Həmçinin tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.