Şuranın yeni üzvləri yeni hədəflərə doğru


Məlumat verildiyi kimi, Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçikinin nəticələrinə görə namizədlərdən 9 nəfər Şuraya üzv seçilib. Fürsətdən istifadə edib İctimai Şuraya yeni seçilənlərin bir neçəsi ilə söhbətləşdik. Onların seçki ilə bağlı təəssüratlarını, şurada gələcək hədəflərini öyrəndik.

 

“Yeni tərkibli İctimai Şura əvvəlki şuranın ənənələrini davam etdirəcək”

 

“Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov yeni tərkibdə yaranan şura ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Ümid edirəm ki, yeni tərkibli İctimai Şura əvvəlki şuranın ənənələrini davam etdirəcək. Eyni zamanda, burada xeyli gənclər təmsil olunub. Əvvəlki şuradan fərqli olaraq vətəndaş cəmiyyətinin aktiv bir hissəsi də burada təmsil olunub. Qeyd edə bilərəm ki, Şurada uzun illər təhsil sahəsində ciddi layihələr reallaşdıran insanların olması çox sevindiricidir. Ümid edirəm ki, yeni İctimai Şura daha effektiv, ictimaiyyətə daha açıq olacaq. Biz ictimaiyyət ilə Təhsil Nazirliyi arasında çox ciddi və yeni münasibətlərin formalaşmasını görə biləcəyik. Əlbəttə ki, İctimai Şuranın kifayət qədər səlahiyyətləri var. Əminliklə ifadə edə bilərəm ki, yeni tərkibli İctimai Şuranın fəaliyyətilə nazirliyin fəaliyyətində yeni bir mərhələ başlayacaq. Hansı ki, biz 2 il bundan öncə Təhsil Nazirliyi yanında İctimai Şura yaranarkən məhz şuranın təhsil ilə bağlı məsələlərə, qərarların qəbul edilməsi prosesində birbaşa iştirakını görmüşdük. Düşünürəm ki, bu, çox yaxşı  bir nümunədir”.

 

“Ümid edirəm ki, yeni seçilmiş Şura üzvləri təhsilimizin inkişafına töhfə verəcək”

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də yeni tərkibdə yaranan şura ilə bağlı fikirlərini deyib: “Ötən iki il ərzində ilk dəfə fəaliyyətə başlayan bu qurumda mənə də etimad göstərildi.  Biz ötən iki il ərzində digər həmkarlarımızla birgə məsələlərin həlli yönündə xeyli işlər gördük. İctimai Şura elə ilk gündən öz əsasnaməsi çərçivəsində təhsil sahəsində ictimaiyyəti narahat edən məsələləri geniş müzakirə, təkliflərini Təhsil Nazirliyinə təqdim etmişdir. Şuranın geniştərkibli iclaslarında üzvlər nazirlik əməkdaşları ilə birgə bir çox mühüm qərarların verilməsində iştirak etmiş, öz təkliflərini irəli sürmüşdür.

 

Şura üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi, ali məktəblər, orta ixtisas məktəbləri, Təhsil İnstitutunun rəhbərliyi və kollektivi ilə vaxtaşırı görüşmüş, bu görüşlər təhsilimizin ümumi inkişafına töhfə vermişdir. Hesab edirəm iki, ötən Şuraya seçilmiş üzvlər qarşılarına qoyulmuş məsələlərin həlli istiqamətində nəzərəçarpacaq dərəcədə işlər görmüşlər.

 

Təhsil sahəsi demək olar ki, daim inkişafda, təkmilləşməyə ehtiyacı olan strateji sahədir. Ona görə də ümid edirəm ki, yeni seçilmiş Şura üzvləri də sələflərinin müsbət işlərini uğurla davam etdirəcək, təhsilimizin inkişafına töhfə verəcək”.

 

“Seçilənlərdən biri də mən olduğum üçün çox xoşbəxtəm”

 

Gəncə Regional Qadın Mərkəzinin sədri, Əməkdar müəllim Məleykə Əlizadə: “Seçkilər 2 turda, tam şəffaf, seçicilərin iştirakı ilə keçirildi. Hər kəsin yanında səslər hesablandı və 9 nəfərdən ibarət namizəd səs çoxluğu ilə seçildi. Seçilənlərdən biri də mən olduğum üçün çox xoşbəxtəm. Bunun bir çox səbəbləri var. İctimai Şura üzvü olmaq və dövlət siyasətinə xidmət etmək fəaliyyətimdə növbəti yeni addım olacaqdır. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələrək üzvü olduğum Şura Nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcəkdir. Çalışacağam ki, ictimai nəzarətlə yanaşı mübadilə proqramları çərçivəsində əldə etdiyim bilik və bacarıqlardan, bu illər ərzində əldə etdiyim təcrübədən təhsil sahəsində daha innovativ yanaşmaların tətbiqi üçün istifadə edim. İnanıram ki, 2 il ərzində yeni seçilmiş Şura bütün heyətlə birlikdə Azərbaycan təhsilinin yeni uğurlarına imza atması üçün bütün vəzifələrin öhdəsindən gələcəkdir”.

 

“Bu etimadı doğrultmaq üçün bütün imkanlarım ilə çalışacağam”

 

Namizədliyi “Qarabağa dönüş” İctimai Birliyi tərəfindən irəli sürülən Gülməmməd Məmmədov ona göstərilən etimada görə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə öz dərin təşəkkürünü bildirib: “Bu etimadı doğrultmaq üçün bütün imkanlarım ilə çalışacağam. İctimai Şuraya üzv olduğum müddətdə niyyətim dünyanın qabaqcıl təcrübələrini, eləcə də ölkəmizin özünəməxsus ehtiyaclarını nəzərə alaraq təhsil sahəsində yaxından iştirak etməkdir”. Xüsusilə “Qarabağa dönüş” İctimai Birliyinin nümayəndəsi kimi əsas məqsədim 30 ildən sonra öz doğma yurd-yuvalarına dönməyə hazırlaşan yüz minlərlə soydaşımız üçün azad edilmiş torpaqlarda keyfiyyətli təhsil infrastrukturunun yaradılması və tədris prosesinin təşkil edilməsinə töhfələr verməkdir”.

 

“Ümid edirəm ki, təmsilçiliyim faydalı olacaqdır”

 

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova:  “Vətəndaş” Tədqiqat və İnkişaf İB uzun zamandır təhsil, sosial problemlərin həlli, gender bərabərliyi maarifləndirilməsi, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir. Təhsil bütün dövlətlərdə əsas sütundur və ölkənin inkişafı, dəyərləri məhz təhsillə bağlıdır. Uzun zamandır bu sahədə daha çox iş görmək, daha çox töhfə vermək istəmişəm. Öyrətmək prosesini bərabər öyrənməyə keçirmək, qeyri-formal təhsil metodları ilə formal biliyin ötürülmə prosesini təşkil etmək, daha çox şəxsiyyət yetişdirəcək vasitələrin istifadəsi təhsili daha inkişaf etdirəcəkdir. Ümid edirəm ki, təmsilçiliyim faydalı olacaqdır”.

 

“Seçkilər çox yüksək səviyyədə, obyektiv şəkildə keçirildi”

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov: “Mən də uzun illərdir ki, təhsildə çalışıram, elmi işlərlə məşğulam. Ona görə də seçkilərdə iştirak etməyi, şurada təmsil olunmağı özümə borc bildim. Seçkilər çox yüksək səviyyədə, obyektiv şəkildə keçirildi. İctimai Şuraya öz namizədliyimi verməyimin əsas məqsədlərindən biri də odur ki, mən istəyirəm ki, Azərbaycanda ruhi mədəniyyət, əqli və mənəvi mədəniyyət daha da çox inkişaf etsin. Yüksək mədəniyyətli insanların, ləyaqətli insanların sayı daha da çox olsun. Çünki, insan kapitalının nüvəsi yüksək mədəniyyətli insanlardır. Düşünürəm ki, mədəniyyət elə bilikdən, təhsildən başlayır. Təhsil mənim üçün çox vacib sahədir.

 

Əsas məqsədimiz odur ki, biz dayanıqlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafımızı daha yüksək səviyyəyə qaldıraq. Azərbaycanda həyat qabiliyyətli cəmiyyətin və güclü dövlətin inkişafına bir töhfə verək. Mən şura üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Niyazi RƏHİMOV