Çin Xalq Respublikası (ÇXR) hazırda STEAM təhsilə çox böyük əhəmiyyət verən bir dövlətə çevrilib. Ölkə həyatının hər bir sahəsində bu təhsilin vacibliyi duyulur. Çində STEAM metodologiyası yalnız nəzərdə tutduğumuz elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat deyil, daha çox geniş mənada - “kvazi STEAM təhsili” anlamındadır. Buraya STEM fənləri, incəsənət, robot texnikası, kodlaşdırma, tənqidi düşüncə, yaradıcı təhsil və Çin xarakterli Suji Təhsili (sağlamlığı, təhsili, zadəganlığı və s. əhatə edən xarakter) daxildir.

 

Çin şagirdləri PISA (Programme for International Student Assessment), TIMSS (Trends in International Mathematics and Science Study), PIRLS (The Progress in İnternational Reading Literacy Study) kimi beynəlxalq qiymətləndirmə proqramlarında oxu, riyaziyyat və dəqiq elmlər üzrə ən yüksək nəticə nümayiş etdirərək lider mövqedə qərarlaşırlar.

 

STEM/STEAM təhsilə keçid

 

STEAM təhsil konsepsiyası Çində 2013-cü ildə təqdim edilsə də, STEAM metodikasının təhsildə tətbiqinə 2017-ci ildə start verilib. 2015-ci ildə ölkədə STEAM təhsilinə dəstək verən startap şirkətləri yaranıb, investorlar bu sahəyə  yatırım ediblər. Çinin “Xiomi” şirkəti 2016-cı ildə STEAM təhsili üçün “Mitu robot” məhsulunu buraxıb, “Tencent” şirkəti uşaqlar üçün rəqəmsal proqramlaşdırma təhsili verən “Scratch” şirkəti, “NetEase” şirkəti isə STEAM məhsulları istehsalı məqsədilə “Lego Education” ilə əməkdaşlıq elan edib.

 

2017-ci ilin fevralında Çinin təhsil naziri Çen Baoşenq qəbul imtahanlarında islahat və Çin tələbələrinin əsas keyfiyyətlərinin inkişafı proqramı (Chinese Student Core Qualities Development Programme) barədə açıqlama verib. Həmin islahatlar son dövrlər Çində təhsil sahəsində aparılan ən vacib siyasi dəyişikliyə səbəb olur, yalnız qiymətləndirilməyə əsaslanan köhnə modeli sıradan çıxararaq ölkədə STEAM təhsil dövrünün yaranmasına təkan verir. Eyni zamanda ölkənin təhsil naziri ibtidai və orta sinif şagirdlərinin dərsdənkənar yükünün azaldılması barədə əmr imzalayır. Əlavə təhsil təşkilatları bu səbəbdən yeni təhsil mühitinə uyğunlaşmaq üçün islahatlar aparmalı olurlar.

 

2018-ci ildə Pekində  Çinin “STEM təhsili üzrə fəaliyyət planının”, həmçinin Fanqkaodi Beynəlxalq Məktəbində ibtidai siniflər üçün STEAM proqramı üzrə ilk dərsliyin təqdimatı keçirilir. Tədris meterialları seriyası layihə əsaslı tədrisə əsasən hazırlanır və şagirdlərdə düşünmə bacarığının inkişafına yönəlir. Dərsliklər Pekin Pedaqogika Universitetinin professorları və digər görkəmli müəllimlər tərəfindən işlənir. Çin üçün bu hadisə rəsmi olaraq ölkədə ibtidai sinif səviyyəsində STEAM təhsilə keçid əlaməti kimi qəbul olunur.

 

Bu gün Çində həm şagirdlər, həm də valideynlər arasında STEAM təhsilə maraq günü-gündən artmaqdadır. Proqramlaşdırma məktəblərdə ingilis dili fənnindən sonra ən şox tələb olunan dərsə çevrilib. Belə bir vəziyyətdə Çinin aparıcı təhsil təşkilatları (“Sabaha irəliləyən həyat” -Tomorrow Advancing Life və s.) təklif etdiyi təhsil xidmətlərini STEAM tədrislə əvəz edirlər. Şagirdlərin mədəni maarifləndirilməsi məqsədilə işlər həyata keçirilir, müəllimlər tədris zamanı innovativ yanaşmalardan istifadə edir, müstəqil iş və kritik təfəkkürü inkişaf etdirən layihələrdən istifadə olunur.

 

STEAM təhsilin tədrisində ən aktual problem dövlət məktəblərində təcrübəli müəllim çatışmazlığıdır. Ümumiyyətlə, Çində məktəb müəllimlərinə yüksək tələblərin qoyulması səbəbindən ölkədə müəllim qıtlığı yaşanır. Çin STEAM metodikasını təhsilin bütün sahələrində tətbiq etməyi qarşısında məqsəd qoyub. Bütün ölkə üzrə STEAM təhsilin inkişafına dövlət tərəfindən dəstək verilsə də, Pekin, Şanxay, Şençjen, Çenqdu kimi böyük şəhərlərdə bu metodologiya daha yüksək səviyyədə tətbiq olunur.

 

Hər il ÇXR-in Şanxay şəhərində “Shanghai International STEAM Education Expo” sərgisi keçirilir. Sərgidə Çinin və dünyanın digər dövlətlərinin istehsalçıları STEAM təhsilə aid məhsullarını nümayiş etdirirlər.

 

STEAM məktəbəqədər  təhsil müəssisələrində

 

Erkən təhsil uşaqların gələcək formalaşmasında çox önəmli rol oynayır. Çində məktəbəqədər təhsil müəssisələrində STEAM tədris proqramının tətbiqinə diqqət günü-gündən artmaqdadır. Ölkədə dövlət və özəl məktəbəqədər təhsil müəssisələri, beynəlxalq məktəblərin uşaq bağçaları fəaliyyət göstərir. Belə məktəbəqədər təhsil müəssisələri əsasən şəhərlərdə və inkişaf etmiş ərazilərdə cəmləşib. 3 yaşa qədər körpələr kiçik, 4 yaşlılar orta, 5-6 yaşlılar böyük uşaqlar kimi müəyyən edilir. STEAM kurikulumunun dizaynı yaş qrupuna uyğun olaraq tənzimlənir.Bu proqramlar özəl bağçalarda daha geniş tədris olunur. Ümumiyyətlə, özəl bağçalar ölkədə çoxluq təşkil edir.

 

Əyləncəli fəaliyyət və oyunlar vasitəsilə intellektual və motor bacarıqlar inkişaf etdirilir, uşaqların özlərini ifadə etməsi üçün çoxlu imkanlar yaradılır. Öyrənərkən körpələr tərbiyəçiləri və həmyaşıdları ilə ünsiyyət quraraq mənəvi dəyərləri mənimsəyirlər. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin pedaqoji hazırlığına çox ciddi yanaşılır. Çində məktəbəqədər təhsil müəssisələri müəllimlərinin hazırlanması sistemi çox yüksək səviyyədə formalaşmışdır. Bağçalarda cizgi filmi və slayd formasında dərslər təşkil edilir, səhnə əsaslı tədris prosesi tətbiq olunur. Uşaqlar cizgi filmi personajları ilə birgə sanki eyni hadisəni yaşayır, araşdırmalar aparır, problemləri həll etməyə çalışırlar. Nəticədə öyrənmə davamlı, maraqlı bir prosesə çevrilir. STEAM metodikası uşaqları düzəldərək və oynayaraq qavramağa, təşəbbüs və kəşfiyyat, təcrübə və yaradıcılıqla səciyyələnən yeni öyrənmə üslubu formalaşdırmağa təşviq edir.

 

STEAM məktəblərdə

 

Çində yerli və beynəlxalq məktəblər fəaliyyət göstərir. Məktəblərdə STEAM metodikası ibtidai sinifdən tədris olunmağa başlayır. İbtidai məktəblərin kurikulumu nəzəriyyə ilə təcrübənin birləşməsini vurğulayır. Məsələn, “Dinozavr arxeologiyası” kursunda şagirdlər ət yeyən və ot yeyən dinozavrlar arasındakı fərqlər haqqında əsas anlayışı formalaşdırdıqdan sonra, tərkibində dinozavr qalıqları olan kərpic və çəkic kimi tədris vəsaitləri ilə arxeoloji təlimi başa vuraraq fosil parçaları yığır, tam bir dinozavr halına gətirirlər. Eyni zamanda ibtidai məktəb kurikulumu tələb edir ki, şagirdlər proqramlaşdırma yolu ilə sensorlar, dəstlər istifadə və park dirəkləri, avtomatik sulayıcılar və digər kiçik ixtiralar edə bilsinlər. Eksperimental dizayn təcrübələri vasitəsilə şagirdlər öyrənməyə, yaradıcı ixtiralara və əl işləri ilə məşğul olmağa təşviq edilir. Bununla belə, ibtidai və orta məktəblərdə STEAM təhsilinin məqsədi “bacarıqlı sənətkarlar” deyil, “hərtərəfli inkişaf etmiş şəxslər” yetişdirməkdən ibarətdir.

 

Məktəblərdə layihə əsaslı öyrənmə tətbiq edilir, nəticə olaraq şagirdlər özləri biliklərini araşdırmaq və düşünmə qabiliyyətlərini tətbiq etmək imkanlarına malik olurlar. Şagirdlərə uğursuzluqdan qorxmamaq, əksinə, səhvlər üzərində öyrənmənin daha böyük effekt verməsi, son nəticəyə deyil, elmi araşdırma prosesi və metodlarına daha çox diqqət yetirilməsi izah olunur.

 

STEAM proqramın özəlliyi ondan ibarətdir ki, ayrı-ayrı fənləri deyil, tematik modulları rəhbər tutur. Müəllimin materialı izah etməyə sərf etdiyi vaxt minimuma endirilir, şagirdlərin müstəqil işləməsinə daha çox vaxt ayrılır. Digər üstünlük şagirdlərin bir yerdə oturmamağı, aktiv fəaliyyət göstərməsi ilə ölçülür. Şagirdlər müşahidələrini rəqəmsal bloknota köçürür,  şəxsi təcrübə və tədqiqatlarını aparırlar. Robot texnikası, robotların yığılması və proqramlaşdırılması, Lego Education vasitəsilə öyrənmə şagirdlərdə komanda işi, ideya irəli sürmək və nəticəni prezentasiya etmək bacarıqları formalaşdırır. Bütün hallarda STEAM təhsil şagirdlərə lazımi informasiyanı hiss olunmayacaq şəkildə yadda saxlamağa imkan verən tədris metodlarından istifadə və akademik motivasiyanı dəstəkləyir.

 

Çində fəaliyyət göstərən özəl və beynəlxalq məktəblər “Təhsil Texnologiyası” (Educational Technology) tətqiqat təşkilatı ilə birgə STEAM metodikası çərçivəsində tətbiqi proqramlar işləyirlər. Bəzi məktəblər müstəqil olaraq şəxsi STEAM tədrisi proqramları hazırlayır. Proqramların sistematik olması və cari fənlərlə əlaqələndirilməsi çox vacib məsələdir və yüksək peşəkarlıq tələb edir. STEAM proqramlar hazırlayan kadrlar yetişdirmək məqsədilə ölkəyə ABŞ, Sinqapur, Yaponiya, Koreya və digər ölkələrdən seminarlar keçmək üçün yüksək səviyyəli mütəxəssislər dəvət olunur və ya həmin ölkələrə təcrübə keçmək üçün heyət göndərilir.

 

STEAM ali təhsildə

 

Süni intellekt, kvant hesablaması, biotexnologiya, kosmosun araşdırılması və digər sahələr üzrə Çin ABŞ-la müntəzəm rəqabət aparmaqdadır. Bu səbəbdən də ölkədə STEM sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi ölkənin milli prioriteti hesab olunur.  UNESCO-nun Statistika İnstitutunun hesabatlarına əsasən Çin STEM məzunlarının sayına görə (ildə 4,7-5 milyon məzun) dünyada birinci yerlərdə durur. Çin dövlətinin 2020-2021-ci il hesabatına görə, ölkə universitetləri ABŞ-dan daha çox STEM sahələri üzrə fəlsəfə doktorları hazırlayıb (ABŞ-40 min, Çin-77 min nəfər).

 

Çinin ali təhsil müəssisələri dünyanın ən yaxşı universitetləri sırasında yer alır və dünya universitetləri reytinqlərinin nüfuzlu pillələrində qərarlaşırlar. ABŞ-ın “U.S. News and World Report” və Britaniyanın “QS Top Universities” dərgilərinə əsasən Çində STEM sahələr üzrə ixtisaslaşmış ən yaxşı ali məktəblərdən Tsinxua, Pekin, Huazhonq Elm və Texnologiya, Şanxay Jiao Tonq, Cənub-Şərq, Mərkəzi Cənubi, Çin Elektronika Elmləri və Texnologiya, Dalian Texnologiya, Tonqji, Hunan, Çin Elm və Texnologiya, Şimal-Qərb Politexnik, Nankin, Çejianq, Fudan, Uxan universitetlərinin, Beijinq, Harbin Texnologiya institutlarının və s. onlarla ali təhsil müəssisəsinin adlarını çəkmək olar.

 

Çində STEM təhsilin öyrənilməsi ilə məşğul olan çoxlu sayda pedaqoji universitet fəaliyyət göstərir. Həmin təhsil müəssisələrinin dərc etdiyi elmi işlərə əsasən onlardan ən məhsuldar, Çində STEM təhsilə ilk diqqət yetirən və araşdıran Şərqi-Çin Pedaqogika Universitetini qeyd etmək olar. Eyni zamanda Pekin, Şimal-Şərqi, Şensi və Nankin pedaqoji universitetləri də bu sahədə çox mükəmməl tədqiqatlara sahibdirlər.

 

2018-ci ildə Pekində “STEM təhsili üzrə fəaliyyət planı”nın təqdimatı baş tutub. Bu plan, mümkün qədər çox ali məktəb tələbəsinin STEM təhsilindən faydalanmasına imkan vermək və bütün tələbələri elmi təfəkkür və innovasiya qabiliyyəti ilə təmin etmək məqsədi daşıyır. Plan çərçivəsində elm adamları və müəssisələr arasında əməkdaşlıq vasitəsilə resursların birləşdirilməsi, institutların, istedadların, cihazların, fondların və layihələrin səfərbər edilməsi, elmi və texnoloji innovasiyaları təşviq edə bilən alim-müəssisə əməkdaşlığı diqqət çəkən məqamlardır.

 

XXI əsrdə Çin Xalq Respublikasının təhsilə ayırdığı investisiyalar hesabına ölkəni gələcəyə apara biləcək yeni nəsil mühəndislər yetişdirilib. Tsinxua Universitetinin məzunu və Çinin Şəhər Tikinti Layihə və Tədqiqat İnstitutunun baş mühəndisi Ksyu Haiyun “China Daily” qəzetinə müsahibəsində bildirib ki, “biz mühəndislik texnologiyası sahəsində əldə etdiyimiz irəliləyiş nəticəsində dünyanın ən hündür binalarını, körpülərini, dəmir yollarını inşa etdik”. Çalışqanlığı və rəqabət qabiliyyətliliyi ilə seçilən Çin cəmiyyəti yüksək təhsil əldə etməsi nəticəsində qısa zaman ərzində bir milyard insanı yoxsulluqdan çıxarmağa nail olub və dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilib. Çində təhsilə verilən dəyər ölkənin tarixi qədər qədimdir.

 

Lamiyə ƏLİMƏRDANOVA