İsveçrə, Danimarka və Azərbaycan eTwinning Tərəfdaşa Dəstək Agentliyinin əməkdaşlığı çərçivəsində ortaq təhsil layihələrinin yaradılması məqsədilə  “Kiber təhlükəsizlik ” mövzusunda vebinar keçirilib. 


Vebinarın əsas məqsədi 6-12 yaş arası şagirdlərin etibarlı mənbələrə əsaslanan məlumatlılığını artırmaq, məsuliyyətsiz onlayn davranış təhlükələrin, o cümlədən buna təşviq edən təcrübələrin qarşısının alınmasına xidmət edən yolların araşdırılması və tətbiq edilməsidir. 


İki gün davam edən vebinarda Azərbaycan, İsveçrə, Danimarka, İordaniya, Tunis, Gürcüstan, Albaniya, Ukrayna və Moldova müəllimləri yeni layihə fikirləri ilə təqdimatlar edərək təhsildə süni intelekt və kodlaşdırma sahəsində şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək və yeni texnologiyalar üzrə öyrənilən biliklərin tətbiqi mövzularına toxunub, layihələrin icrası zamanı şagirdlərin kiber təhlükəsizliyi üçün məzmunlar hazırlayıblar.  


Vebinarda iştirak edən müəllimlərimiz də öz mövzuları ilə çıxış edərək nəzərdə tutulan layihənin icra planı barədə həmkarlarına ətraflı məlumat verib və yaranan suallara aydınlıq gətiriblər.


Vebinarda 39-dan çox müəllim, təmsilçi ölkələrin layihə koordinatorları, səfir və mentorlar iştirak edib.


Qeyd edək ki, yaradılan təhsil layihələri  2021-2022-ci tədris ili üçün nəzərdə tutulub.