Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər İdman-Şahmat məkəbinin cüdo bölməsinin yetirməsi Fəxri Mustafayev  bu yaxınlarda Xızı rayonunda keçirilmiş II Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş zona yarışında  I yerə layiq görülüb.

 

Fəxri 2006-cı ildə Bərdə rayonunda anadan olub. Saray qəsəbə 3 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Onunla görüşüb idmanda əldə etdiyi uğurları barədə söhbət etdik. İdman məktəbində təcrübəli cüdo müəllimi Rüfət Mikayılovdan cüdonun sirlərini öyrənir. Uşaqlıqdan idmana böyük marağı olan  Fəxri Mustafayev 2015-ci ildən cüdo ilə məşgul olur. İlk uğurları da həmin vaxtlardan başlayır. Belə ki, 2019-cu ildə  Türkiyədə dörd ölkənin idmançılarının (Azərbaycan, Türkiyə, İran, Gürcüstan) iştirakı ilə keçirilən  turnirdə rəqiblərindən fərqlənərək  II yerin sahibi olub. Bundan başqa,  həmin ildə İran İslam Respublikasında cüdo üzrə  keçirilən klublararası  turnirə qatılan Fəxri III yeri tutub. Arzusu idman sahəsində tanınmış idmançı olaraq olimpiya çempionu adına layiq görülməkdir. Biz də Fəxriyə  bu yolda uğurlar arzulayırıq.

 

Rəşad ZİYADOV