Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil İnstitutunun əmakdaşları arasında Məktəbin İnkişaf Planının hazırlanması prosesinin gedişi ilə bağlı görüş keçirilib.

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Təhsil İnstitutunun və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Məktəbin İnkişaf Planının hazırlanmasının əhəmiyyəti barədə danışıb. Bildirib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələrinin aparması, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələrin təşkil edilməsi təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması baxımından mühüm rol oynayır.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirib. Məktəbin İnkişaf Planının hazırlanması işinin daha da sürətlənməsi, qarşıya çıxan problemlər və onun həlli yollarının aradan qaldırılmasına dəstək veriləcəyini  söyləyib.

 

Görüşdə həmçinin Məktəbin İnkişaf Planı hazırlanmış təhsil müəssisələrində növbəti mərhələdə  fəaliyyətlərin təşkili və izlənilməsi, prosesin vahid mexanizminin formalaşdırılması ilə bağlı atılacaq addımlar barədə ətraflı müzakirələr aparılıb.