Naxçıvan Müəllimlər İnstitutunda “IV sinif şagirdlərinə işgüzar yazıların öyrədilməsi” mövzusuna həsr edilən tədbir keçirilib. 

 

Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professor- müəllim heyəti və muxtar respublika ümumtəhsil məktəblərindən 25 ibtidai sinif müəllimi iştirak edib.

 

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq müxtəlif dəyirmi masalar, seminarlar və konfranslar keçirilir. Prorektor keçirilən tədbirlərin əhəmiyyətinə toxunub, vurğulayıb ki, konfransların keçirilməsinin əsas məqsədi ali və ümumtəhsil məktəbləri müəllimlərinin nəzəri, praktik biliklərinin inteqrasiyası əsasında ibtidai siniflərin proqramında öyrədilməsi nəzərdə tutulan əməli yazıların səmərəli metodiki üsullarını müəyyənləşdirməkdir.

 

Tədbirdə dosent Həsənəli Eyvazlı, professor Yusif Səfərov, dosent Günay Şirəliyeva, ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris aparan müəllimlər məruzə və təkliflərlə çıxış edərək, Azərbaycan dilində şagirdlərdə təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının əsaslarının təhsilin ibtidai məktəb mərhələsindən başlanmasının əhəmiyyətindən və təşkili yollarından danışıblar.

 

Sonda  mövzu ətrafında müzakirələr aparılıb.