Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı qətliamı” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov erməni cəlladlarının Xocalı şəhərində heç bir günahı olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib, bu qanlı faciəni dünya tarixində törədilmiş ən qəddar qırğınlardan biri kimi dəyərləndirib.

 

Qətliamı törətməklə Azərbaycan insanını qoxutmaq və onun mübarizlik əzmini qırmaq istəyən düşmənin mənfur niyyətlərinə nail ola bilmədiyini söyləyən rektor bu faciənin bir daha ermənilərin faşist və vəhşi simalarını ortaya qoyduğunu deyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdən danışan Ş.Bayramov doğma Qarabağın işğaldan azad edilməsilə Xocalı şəhidlərinin qanlarının yerdə qalmadığına və onların ruhunun şad olduğuna əminliyini ifadə edib.

 

Azərbaycan-Türkiyə qardaşlığının bu gün daha yüksək zirvələrə ucalmasından danışan rektor tarixin bütün dönəmlərində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, böyük siyasi, diplomatik və mənəvi dəstək göstərdiyini vurğulayıb.  Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında və Azərbaycanın haqq işinin dəstəklənməsində Qazi Universitetinin yüksək fəallığı ilə seçildiyini qeyd edən Ş.Bayramov qardaş ölkənin bu aparıcı ali təhsil müəssisəsində Xocalı faciəsi ilə bağlı çoxlu sayda tədbirlərin keçirildiyini diqqətə çatdırıb.  

 

Qazi Universitetinin prorektoru Bekir Buluç yaxın tariximizdə bir çox soyqırımların baş verməsindən, 30 il əvvəl Xocalıda müdafiəsiz dinc insanların kütləvi şəkildə qəddarlıqla qətl edilməsindən danışıb.

 

Qazi Universiteti olaraq hər zaman Türk millətinin dəyərlərinə sahib çıxmaq, bu dəyərləri gələcək nəsillərə ötürmək, bütün Türk dünyasının kədərinə və sevincinə şərik olmaq məsuliyyəti ilə hərəkət etməyə çalışdıqlarını vurğulayan prorektor Xocalı qətliamının gənclərə izah edilməsi baxımından tədbirin önəmindən danışıb və tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.

 

Sonra proqrama uyğun olaraq Qazi Universitetindən professor İbrahim Ethem Atnur “Xocalı qətliamına gedən yol: Qafqazda Türk-erməni münaqişəsinin tarixi əsasları” və dosent Zeki Gürel “Xocalı qətliamının ədəbi əksi” mövzularında, MDU-dan baş müəllim İlham Məmmədov “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət aktının ən qəddar nümunəsidir”, müəllim və Xocalı sakini Tahirə Quliyeva “Xocalı qətliamı xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər.