Əcnəbilərin də iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin şərəfinə 44 ağac əkilib


Fevralın 23-də Bakının Ramana qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.  Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov, Böyük Britaniya əsilli yazıçı, araşdırmaçı jurnalist İan Pirt, Azərbaycanın Milli Qəhrəmanı Polad  Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, “Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, ölkəmizdə təhsil alan əcnəbi tələbələr və KİV nümayəndələri iştirak ediblər.

 

Öncə iştirakçılar məktəbin həyətində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin şərəfinə 44 ağac əkib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı soyqırımından söz açaraq bildirib ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

 

44 günlük  Vətən müharibəsində qazanılan Şanlı Zəfərə toxunan nazir müavini qeyd edib ki, ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. Xalqımız 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Müzəffər Ordumuzun əzmi sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

 

Çıxışının sonunda Firudin Qurbanov gənclərə öz tövsiyələrini çatdırıb.

 

Tədbirin sonunda iştirakçılar dərin kədər və hüznlə Xocalı qırğınından bəhs edən “Sonsuz dəhliz” filmini izləyib.

 

Fürsətdən istifadə edib tədbirdə iştirak edən ziyalılar və əcnəbi tələbələrlə söhbətləşdik.

 

 

“Xocalı faciəsini Qərb ictimaiyyətinə çatdırmaq üçün kitab yazmaq qərarına gəldim”

 

Böyük Britaniya əsilli yazıçı, araşdırmaçı jurnalist İan Pirt tərtibçisi olduğu “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” adlı kitabının ərsəyə gəlməsindən danışıb: “2000-ci illərin əvvəlində mən Azərbaycana neft işçilərinə ingilis dilini tədris etmək üçün gəlmişdim. Amma başqa müəllimlərdən fərqli olaraq mən burada öyrətdiklərimdən çox, özüm öyrəndim. İngilis dilini tədris edərkən tələbələrim mənə Xocalı faciəsi haqqında məlumat verdi. Mən təəccübləndim ki, qərb cəmiyyəti Azərbaycan, Qarabağ həqiqətləri və Xocalı faciəsi haqqında çox az məlumatlıdır. Bu tarixi həqiqətləri danışmağı hiss etdim. Xocalı faciəsini Qərb ictimaiyyətinə çatdırmaq üçün kitab yazmaq qərarına gəldim. Düşündüm ki, kitabın daha effektiv, oxunaqlı olması üçün faciə iştirakçıları ilə görüşüm. Onların dilindən öz faciəvi hekayələrini dinləyim. Bu, olduqca çox çətin bir proses idi. Biz tərcüməçi ilə onların hekayələrini dinlədikcə göz yaşlarımızı saxlaya bilmirdik. Bu, doğrudan da misli görünməmiş bir faciə idi. Kitabda Xocalı hadisələrinin şahidləri ilə müsahibələr, faciə ilə bağlı beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların şərhləri, beynəlxalq təşkilatların hesabatları və əcnəbi fotoqrafların çəkdiyi nadir fotolar var”.

 

“Bu faciə haqqında danışmaq mənim üçün çox çətindir”

 

Xocalı sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova bizimlə söhbətində bildirib ki, faciə baş verən zaman o bir yaş altı aylıq olub. Faciəni xatırlamadığını, lakin bu müsibətdən sonra yaşadıqlarını danışan N.İbrahimova çox çətin günlərdən keçdiklərini deyib: “Bu faciə haqqında danışmaq mənim üçün çox çətindir. Xocalı faciəsi baş verdikdən sonra bizi məcburi köçkün kimi Naftalan şəhərinə köçürdülər. Mənim uşaqlığım, yeniyetməliyim həmin məcburi köçkün düşərgələrində keçib. Çox çətin günlərdən keçmişik. Lakin bunlara baxmayaraq ayaqda durmağı bacardıq. Təhsil aldıq. Ölkəmizə, dövlətimizə, xalqımıza faydalı olmağa çalışdıq. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub. Biz artıq güclü bir dövlətin vətəndaşıyıq”.

 

“Çalışacağam ki, Xocalı ilə bağlı həqiqətləri hər yerdə insanlara çatdırım”

 

Qırğızıstan vətəndaşı, Bakı Dövlət Universitetinin doktorantı Dinara Appasova da faciə ilə bağlı fikirlərini bölüşüb. O, misli görünməmiş erməni vəhşiliyini öz ölkəsində də anlatdığını deyib: “Azərbaycana gəlmədən öncə də Xocalı soyqırımı haqqında məlumatlı idim. Magistr təhsilimi Türkiyədə aldığım üçün orada Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişəm. Ona görə də bu faciə haqqında kifayət qədər bilgim var. Orta Asiya türklərinin faciə haqqında nə qədər məlumatlı olduğunu deyə bilmərəm. Bundan sonra da çalışacağam ki, Xocalı ilə bağlı həqiqətləri, bu misli görünməmiş vəhşiliyi olduğum hər yerdə insanlara çatdırım. Düşünürəm ki, beləliklə dünyaya bu faciənin gerçək üzünü göstərə bilərik.

 

Niyazi RƏHİMOV