Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbində "Narkotiksiz həyat" adlı tədbir keçirilib.

 

Tədbirdə  Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov və təhsil işçiləri iştirak ediblər.

 

İştirakçılar əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən videoçarxa baxıblar. Sonra Sumqayıt Şəhər Polis İdarəsinin rəisi F.Azadəliyev çıxış edərək müasir dövrdə insan sağlamlığına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən danışıb.

 

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri A.Alızadə narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

 

Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi E.Hümbətov bu bəladan xilas olmaq və gənc nəslin sağlam böyüməsi üçün dövlətimizin atdığı gərəkli addımları diqqətə çatdırıb.

 

Tədbirdə iştirak edən şəhid Elnur Allahverdizadənin anası müəllim Süsən Həsənova belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyindən bəhs edib, şagirdlərə tövsiyələr verib.

 

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Şakir CƏFƏROV