Cari ilin yanvar-fevral aylarında "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən boks (yeniyetmə və gənclər), qılıncoynatma, həndbol, şahmat, Yunan-Roma, ağır atletika idman növləri üzrə respublika yarışları keçirilib. 


Həmin yarışlara Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 1049 idmançı qatılıb. Onlardan 102 nəfəri qızıl, 102 nəfəri gümüş, 140 nəfəri isə bürünc medala layiq görülüb.


İki ay ərzində Gənclər və İdman Nazirliyi və müvafiq federasiyalar tərəfindən keçirilən 15 idman növü üzrə respublika yarışlarına uşaq-gənclər idman-şahmat məktəblərindən 925 idmançı qatılıb. Yarışlardan 97 qızıl, 98 gümüş, 119 bürünc olmaqla ümumilikdə 314 medal qazanılıb. 


Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları yanvar-fevral aylarında sərbəst güləş, cüdo, taekvando, batut gimnastikası idman növləri üzrə keçirilən Dünya Kuboku, Avropa birinciliyi, turniri və Qran Pri yarışlarında Azərbaycan Milli komandalarının tərkibində 6 qızıl, 6 gümüş, 9 bürünc olmaqla 21 medal qazanıblar.


2022-ci ilin yanvar-fevral aylarında uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idman ustalıqlarının artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə uşaq-gənclər idman-şahmat məktəblərində 15 idman növü üzrə 31 sayda kütləvi idman tədbiri keçirilib. Bu tədbirlərdə 4000 nəfərə yaxın idmançı iştirak edib.