Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimov ali məktəbdə tədris prosesində iştirak edən Türkiyənin Qafqaz Universitetinin baytarlıq fakültəsinin professoru Cihan Kacar və həmin universitetin Qida məhsulları ixtisası üzrə müəllimi, dosent Güvən Gülbazla görüşüb.

 

Görüşdə rektor LDU ilə Qafqaz Universiteti arasında 2017-ci ilin noyabrında bağlanmış müqaviləyə əsasən, müəllim mübadiləsi proqramı çərçivəsində ali məktəbdə tədris aparan türkiyəli müəllimlərin LDU ilə bağlı təəssüratlarını öyrənib, tələbələrin hazırlıq səviyyələri haqqında fikirlərini soruşub. Cihan Kacar LDU tələbələrinin nəzəri hazırlıq səviyyəsindən razı qaldığını deyib.

 

Görüşdə LDU-da qısa zaman kəsiyində baytarlıq klinikasının yaradılması məsələsi müzakirə olunub.  Rektor bildirib ki, klinikanın  xidmətindən Lənkəran rayonunun və Cənub bölgəsinin sahibkarları da yararlana biləcək.

 

Qafqaz Universiteti ilə qarşılıqlı əlaqələrin perspektivləri, aqrar ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığı, tələbə-müəllim mübadiləsinin davam etdirilməsi məsələlərinə də toxunulub, fikir və təkliflər səsləndirilib.

          

Dosent Güvən Gülbaz  LDU-da  Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrlə birgə iştirak etdiyi istehsalat təcrübəsindən danışıb, tələbələrin təcrübi biliklərinin artırılması istiqamətində işlərin genişləndirilməsinin vacibliyini bildirib.