Bakı şəhərinin Binəqədi, Nizami, Suraxanı rayonlarında, Ağstafa, Beyləqan, Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Oğuz, Saatlı, Siyəzən, Şabran, Ucar, Xızı, Zaqatala rayonlarında, Gəncə (Nizami), Sumqayıt şəhərlərində, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

 

DİM-dən bildirilib ki, imtahanda 24824 şagirdin iştirakı nəzərdə tutulub. 

 

İmtahanda 7 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 111 imtahan binası, 1863 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 304 imtahan rəhbəri, 2328 nəzarətçi–müəllim, 228 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 111 bina nümayəndəsi ayrılıb.