Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Mükafatlandırma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqədə qalib gələn şagirdlər, onların müəllimləri və valideynləri iştirak ediblər.

 

Aşıq Ələsgər irsinə hər zaman yüksək dəyər verildiyini söyləyən BŞTİ müdiri M.Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın böyük saz və söz ustadının anadan olmasının 200 illiyinin qeyd olunmasını bütövlükdə aşıq sənətinə göstərilən qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

 

Müsabiqənin əhəmiyyətindən danışan İdarə müdiri Azərbaycan aşıq poeziyasının, saz ifaçılığının zənginləşməsinə böyük təkan verən, yüksək sənətkarlığı ilə aşıq sənətimizin şöhrətini bütün türk dünyasına yayan Aşıq Ələsgər isrinin yetişən nəsillərə sevdirmək, şagirdlərdə milli-mənəvi dəyərlərimizə sədaqət hissini aşılamaq baxımından yüksək qiymətləndirib.

 

Daha sonra müsabiqə qaliblərinə İdarə tərəfindən diplom və hədiyyələr verilib, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediliblər.

 

Tədbirdə  müsabiqə qaliblərinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək,  təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.