Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda tələbələr üçün Pakistan Azərbaycan münasibətləri haqqında təqdimat keçirib.

 

Təqdimatdan öncə səfir BANM-in rektoru Elmar Qasımovla görüşüb. Görüşdə mövcud və gələcək əməkdaşlıq imkanlarından, Ali Məktəbə daha çox pakistanlı tələbələrin cəlb olunması məsələsindən bəhs edilib.

 

Rektor Pakistan və Azərbaycanın qardaş dövlətlər olduğunu vurğulayaraq xatırladıb ki, Azərbaycanın müstəqilliyini ilk tanıyanlarından biri Pakistandır və bu ölkə daim Azərbaycanın haqq səsində ən böyük dəstəkçilərdən olub. E.Qasımov Bakı Ali Neft Məktəbində pakistanlı tələbələrin təhsil aldıqlarını qeyd edərək bildirib ki, həmin tələbələrdən ikisinə Ali Məktəbin təqaüdü verilir: “Biz pakistanlı tələbələrin Ali Məktəbimizdə təhsil almasında maraqlıyıq. Burada təhsil alan pakistanlı tələbələr yataqxana xərclərindən azaddırlar. Bununla yanaşı, iki tələbəyə Ali Məktəbin təqaüdü təqdim edilir. Təqaüd alanların sayının iki nəfər də artırılmasını təklif edirik”.

 

Səfir BANM-də tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib. Bildirib ki, səfirlik savadlı tələbələrin burada təhsil alması üçün əlindən gələni əsirgəməyəcək.

 

Sonra tələbələrə Pakistan haqqında, onun iqtisadiyyatı, turizm potensialı, mədəniyyəti barədə məlumat verən səfir ölkəsinin Azərbaycanla münasibətlərindən danışıb: “Bu il Pakistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Biz iki qardaş ölkəyik və bir-birimizi daim dəstəkləyirik. Pakistan Azərbaycanın haqlı mübarizəsində ilk gündən yanında olub, dəstəyini göstərib. İki qardaş xalqın sevgisinin göstəricisidir ki, Azərbaycanda çoxlu pakistanlı tələbələr təhsil alırlar. Bakı Ali Neft Məktəbi də pakistanlı gənclərin seçdikləri ali məktəblərdəndir və buradakı təhsil, yaradılan şərait bizi məmnun edir”.

 

Sonda səfir tələbələrin suallarını cavablandırıb.