Bakı Ali Neft Məktəbində ( BANM )  Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Ali Məktəbin rektoru Elmar Qasımov BANM-in fəaliyyətindəki yenilikləri, nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili haqqında məlumat verib.

 

Professor Mustafa Aydın isə təhsildə milli-mənəvi dəyərlərin təbliğinin vacibliyinə toxunub, sürətlə dəyişən və qloballaşan dünyada bu məsələnin daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Rektor E.Qasımov  rəhbərlik etdiyi Ali Məktəbdə bu məqama xüsusi diqqət yetirildiyini vurğulayıb, bu yaxınlarda Azərbaycanda keçiriləcək “Texnofest 2022 “ festivalında iştirak edəcək 33 BANM komandasının hamısına milli adların verildiyini diqqətə çatdırıb. Səmimi mühitdə keçən görüşdə  gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Məlumat üçün bildirək ki, Avrasiya Universitetlər Birliyi ( EURAS ) 2008-ci ildə İstanbulda təsis edilib. Təşkilat Avropa, Asiya və Yaxın Şərq regionlarındakı 80- dən artıq universiteti birləşdirir.