Azərbaycanın ümumi təhsil müəssisələrinin şagirdlərindən və onları müşayiət edən müəllimlərdən ibarət 25 nəfərlik heyət Türkiyənin Çanakkala şəhərinə səfər edib. 


15-22 mart 2022-ci il tarixlərini əhatə edən səfərin əsas məqsədi iki ölkənin şagirdləri arasında ünsiyyətin intensivləşdirilməsi və hər iki ölkənin tarixində xüsusi yer alan hadisələrin birgə qeyd olunmasıdır. 


Səfər çərçivəsində heyət 16-18 mart tarixləri arasında Çanakkala şəhərində bir neçə rəsmi proqrama qatılacaq və sözügedən şəhərdə yerləşən Troia Antik Şəhəri, Çimenlik Qalası və digər tarixi abidə və Seyit Onbaşı Dostlarının şəhid olduğu Rumeli Məcidiyə, 57-ci alay və digər şəhidlər xiyabanlarını ziyarət edəcəklər. Daha sonra heyət İstanbul şəhərinə doğru hərəkət edəcək və 19-22 mart tarixləri arasında İstanbulda yerləşən Ayasofya məscidi, Çamlıca qülləsi və digər tarixi abidələrdə olacaqlar. 


Qeyd edək ki, səfərin və qarşılıqlı əməkdaşlığın davamı olaraq isə cari ilin may-iyun aylarında Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakı şəhərinə və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.