Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə ustad dərsləri keçirilib. MDTM-in direktoru Vəfa Məhərrəmovanın moderatorluğu ilə onlayn və əyani formatda təşkil olunan dərslərdə universitetin pedaqoji, iqtisadi və mühəndislik istiqamətləri üzrə təhsil alan magistrantları iştirak ediblər.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli tərəfindən “Akademik yazının tamlığı, əsas prinsip və modelləri” mövzusunda ilk dərs keçirilib.

 

Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz tərəfindən keçirilən növbəti ustad dərsi “Süni intellekt” mövzusuna həsr edilib.

 

Sonuncu ustad dərsi isə UNEC-in professoru Elnur Sadıqov tərəfindən aparılıb, “Müasir dövrdə bankların ödəniş sistemləri” mövzusunda olub.

 

Dərslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və gənclərin hərtərəfli inkişafı məqsədilə müvafiq təlimlərin, ustad dərslərinin keçirilməsinə xüsusi önəm verilir. Cari ilin aprel ayında MDTM-də ustad dərslərin davam etdirilməsi nəzərdə tutulub.