ADPU-da Hidayət Orucovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib


Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynovanın təşəbbüsü ilə şair, nasir, dramaturq, Əməkdar incəsənət xadimi, ictimai xadim Hidayət Orucovun yaradıcılığına həsr olunmuş “Gəncliyim gözümdə canlandı mənim” adlı tədbir keçirilib.

 

Tədbirdə ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxış edərək Hidayət Orucovun Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində rolundan danışıb, ədəbi ictimaiyyət tərəfindən sevilən şəxsiyyət olduğunu vurğulayıb.

 

Hidayət Orucovun ictimai fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığının, xüsusilə “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı” əsərlərinin, şeirlərinin müasir Azərbaycan ədəbiyyatının əvəzsiz nümunələri olduğunu diqqətə çatdırıb, yaradıcılığındakı vətənpərvərlik ruhundan bəhs edib.

 

Sonra ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, filologiya elmləri doktoru Yaqub Babayev Hidayət Orucovun zəngin bədii irsi haqqında əhatəli çıxış edib.

 

Tədbirin bədii hissəsində Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri Hidayət Orucov yaradıcılığına aid bədii kompozisiya ilə çıxış edib, şeirlərini səsləndirib, “Bu dünyanın adamları” dramından bir hissəni tamaşaya qoyublar.

 

Sonra Azərbaycanın görkəmli elm və ictimai xadimlərinin Hidayət Orucov haqqındakı fikirlərinə həsr edilmiş videoçarx nümayiş olunub.

 

H.Orucovun sözlərinə bəstələnən “Məktub” mahnısının ifa edilməsi tədbir iştirakçılarında xoş ovqat yaradıb.

 

“Meh” ədəbi dərnəyinin rəssamı Günel Bağırovanın çəkdiyi portreti qonağa hədiyyə verməsi də maraqla qarşılanıb.

 

Daha sonra tələbə və müəllimlər Hidayət Orucova suallar ünvanlayıblar. O, tələbə və müəllimləri maraqlandıran suallara cavab verib, tədbirə görə ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərova və başda professor Mahirə Hüseynova olmaqla Filologiya fakültəsinə təşəkkürünü bildirib.

 

Tədbirin sonunda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova çıxış edərək Hidayət Orucov poeziyasında müasir insan həyatının, yaşamının xoş ovqatından, şairin lirik “Mən”inin əxz etdiyi mənəvi dəyərlər işığından, şeirləri ilə müasir poeziyaya yeni ovqat aşılamasından söz açıb, Filologiya fakültəsinin dəvətini qəbul edərək görüşə gəldiyinə görə qonağa minnətdarlığını bildirib.