Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında 4 mərhələ üzrə təşkil olunan basketbol üzrə respublika birinciliyinin rayondaxili yarışlarına yekun vurulub. 


Yarışların bu mərhələsində 69 rayon (şəhər) üzrə 891 məktəbdən 525 qız və 891 oğlan olmaqla 1416 komanda mübarizə aparıb. Yarışda 8038 nəfər oğlan, 4687 nəfər qız olmaqla ümumilikdə 12725 nəfər şagird iştirak edib.             


Beynəlxalq Basketbol Federasiyasının (FİBA) qaydaları əsasında keçirilən yarışların nəticəsinə əsasən mütəxəssislər tərəfindən istedadlı oyunçular müəyyən edilərək rayon və şəhərlər üzrə  qız və oğlanlardan ibarət yığma komandalar formalaşdırılıb. Eyni zamanda fiziki göstəriciləri basketbol idman növünə uyğun olan 809 nəfər şagird seçilib.


Yarışın zona mərhələsi 1-22 aprel 2022-ci il tarixlərində keçiriləcək.  Bu mərhələdə 76 qız və 76 oğlan olmaqla 152 komanda mübarizə aparacaq.


Qeyd edək ki, yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək, uşaqlar arasında vətənpərvərlik və dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.