Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış ediblər


17-21 mart 2022-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Bölməsi,  Azərbaycan  Milli  Elmlər Akademiyası Folklor İnstitutu və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu - İKSAD-ın birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının Antalya şəhərində “V Beynəlxalq Novruz Zirvəsi Elmi Araşdırmalar” mövzusunda konfrans keçirilib.

 

Konfransın rəsmi hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova geniş məruzə ilə çıxış edib. Konfransda 20-yə qədər məruzə dinlənilib. Sonra konfransın bədii hissəsi keçirilib. 20-dən çox ölkənin təmsilçilərinin iştirakı ilə baş tutan möhtəşəm bayram şənliyində Türk dünyasının və qardaş ölkələrin qabaqcıl elm adamları bir araya gələrək, Novruzun qədim ortaq tarix və mədəniyyətləri əks etdirdiyi vurğulanıb və dünyaya sülh, bərabərlik, birlik mesajı göndərilib. Konfransa ev sahibliyi edən Antaliya Muratpaşa Bələdiyyəsi  sədrinin müavini Hüseyn Sarı, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən professor Ramazan Qafarlı, İKSAD-ın qurucu üzvlərindən professorlar Mustafa Talas və Mustafa Ünal çıxış ediblər. Sonra türk dünyasından və qardaş ölkələrdən gələn qonaqlar üçün yerli folklor kollektivi tərəfindən konsert verilib, Mahirə Nağıqızının “İlaxır  çərşənbə” şeirinin səsləndirildiyi videoçarx göstərilib.

 

Sonda plaket və hədiyyələr, Novruz simvolları təqdim olunub.