Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın nəticələri saat 16:18-dən etibarən mərkəzin saytına yerləşdirilib.

 

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

 

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

 

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.

 

İmtahan iştirakçıları arasında 2 nəfər – Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.