Aprelin 2-də ölkə məktəbliləri arasında ilk dəfə keçirilən “Düşünən oxucu” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Beynəlxalq Uşaq Kitabı Gününə təsadüf edən mərasim I Uşaq kitabı festivalının keçirildiyi “Passaj – 1901” sərgi salonunda baş tutub.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini  Firudin Qurbanov qeyd edib ki, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin müstəsna rolu vardır. Nazir müavini bildirib ki, şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri tətbiq etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.

 

Firudin Qurbanovun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutmasını, mütaliəyə istiqamətləndirilməsini prioritet məsələ kimi qəbul edir. Bu sahədə müxtəlif tədbirlər, müsabiqələr təşkil olunub. 

 

“Düşünən oxucu” müsabiqəsinin keçirilməsini zəruri edən əsas məqamları diqqətə çatdıran Firudin Qurbanov müsabiqənin qaliblərini, onların müəllimlərini və valideynlərini  təbrik edib, onlara təhsildə və müstəqil həyatda nailiyyətlər arzulayıb.

 

 Daha sonra “Göyərçin” jurnalının baş redaktoru Rafiq Əliyev, “Qanun” nəşrlər evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu və qalib şagirdlərdən biri  -  Ağdam rayonu 1 nömrəli tam orta məktəbin  VIII sinif şagirdi Fidan Quliyeva  çıxış edərək öz təəssüratlarını bölüşüblər.

 

Sonda müsabiqənin nəticələrinə əsasən, 30 nəfər qalib şagirdə diplom və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin V - IX sinif şagirdləri arasında keçirilmiş “Düşünən oxucu” müsabiqəsi 5 yanvar - 21 fevral 2022-ci il tarixlərini əhatə edib. Üç mərhələdə təşkil olunmuş müsabiqənin birinci mərhələsinə 20609 nəfər şagird qoşulub, onlardan  final mərhələsinə 132 şagird keçib. Münsiflər 132 şagirdin videotəqdimatını qiymətləndirərək 30 nəfər qalibi müəyyən edib.

 

Valideyn və şagirdlərin nəzərinə:


 

Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkil etdiyi I Uşaq kitabı festivalı 3 aprel saat 20.00-dək davam edəcək.