Təhsil qrantı proqramları çərçivəsində ölkəmizdə doktorantura səviyyəsində təhsil alan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları ilə görüş keçirilib. Görüş Təhsil və Xarici İşlər nazirliklərinin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə baş tutub.

 

Görüşdə əcnəbi doktorantlarla yanaşı, onların təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin məsul şəxsləri də iştirak edib.

 

Görüşdə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım idarəsinin (AIDA) rəisi Elməddin Mehdiyev və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov təhsil qrantı proqramlarına dair zəruri məlumatları doktorantlarla bölüşüb və onların ünvanlandığı sualları cavablayıblar.

 

Qeyd edək ki, təhsil qrantı proqramları Azərbaycan Respublikası Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli Sərəncamı və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar 3567 nömrəli Sərəncamı ilə təsis edilib. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd (800 manat), tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.

 

2021-2022-ci tədris ilində yerli ali təhsil müəssisələrində bu çərçivədə 22 tələbə doktorantura səviyyəsində təhsil almaqdadır.