Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur təşkil olunub


Aprelin 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakının Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturun təşkil olunmasında məqsəd adıçəkilən təhsil ocağında “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində yaradılan siniflərdəki proseslə KİV nümayəndələrini tanış etmək idi.

 

Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamışdır. Hazırda layihə “Peşə Təhsili üzrə Dövlət Agentliyi”nin nəzdində fəaliyyət göstərir.

 

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması,  əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

 

Onu da nəzərə çatdıraq ki, layihənin fəaliyyətə başladığı 2019-2020-ci tədris ilində ölkə üzrə 20 məktəbdə 20 peşə təmayüllü sinif açılmışdır. 2020-2021-ci tədris ilində isə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 165 müəllim heyəti ilə fəaliyyət göstərmişdir. Hazırda 2021-2022-ci tədris ilində “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində növbəti 45 yeni sinif açılmaqla siniflərin sayı paytaxt və bölgələr əhatə edilməklə 80 məktəbdə 124 sinfə çatdırılmışdır. Yeni siniflərin açılması ilə hazırda 414 nəfər müəllim, 2387 şagirdi əhatə edir.

 

Mediaturda 120 nömrəli məktəbin rəhbərliyi və peşə təmayüllü siniflərində təhsil alan şagirdlərlə görüşüb, söhbətləşdik.

 

Peşə təmayüllü siniflərə müraciət edənlərin sayı artır

 

120 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı bizimlə söhbətində bildirib ki, Peşə təmüyüllü siniflərdə 4 profil üzrə (İKT, kənd təsərrüfatı, xidmət, təmir-tikinti) müxtəlif peşə ixtisasları tədris edilir. Peşə təmayüllü siniflərə böyük maraq olduğunu deyən direktor layihənin səmərəliyindən də söz açıb: “Layihənin başlamasından qısa müddət keçməsinə baxmayaraq artıq layihə öz bəhrəsini verməkdədir. İldən-ilə peşə təmayüllü siniflərə müraciət edənlərin sayı artmaqdadır. Məktəbimizin yerləşdiyi əraziyə uyğun olaraq ən çox aqronomluq ixtisası üzrə müraciətlər olur. Aqranomluq ixtisası bizim üçün proritet hesab olunur. Aqranomluq ixtisası üzrə təhsil alan şagirdlərimiz Vətən müharibəsi ərəfəsində Xarıbülbül çiçəyini otaq şəraitində yetişdirilməsi ideyasını irəli sürdü. Biz şagirdlərimizin bu ideyasını yüksək qiymətləndirdik. Hazırda məktəbdə otaq şəraitində Xarıbülbül çiçəyi yetişdirilir. Peşə təmayüllü siniflərimiz iki dəfə satış yarmarkasında iştirak edib.

 

Peşə təmayüllü siniflərə cəlb olunan şagirdlər təkcə 120 nömrəli məktəbin deyil, eyni zamanda ətraf ərazidə yerləşən məktəbdən məzun olanlardır”.

 

“Məktəbdə dülgər sənətinin incəliklərini öyrənirik”

 

Amin Salmanov 120 nömrəli məktəbin peşə təmayüllü sinifində dülgər ixtisası üzrə təhsil alır. O, dülgər peşəsinə böyük marağı olduğu üçün bu ixtisası seçdiyini deyir: Məktəbdə dülgər sənətinin incəliklərini öyrənirik. Vaxtımız çox səmərəli keçir. Artıq iki ilə yaxındır ki, bu sinifdə təhsil alıram. Düşünürəm ki, məktəbi bitirdikdən sonra burada öyrəndiklərim mənim bir peşəkar usta kimi formalaşmağıma kömək edəcək”.

 

“Qarşıma hədəf qoymuşam ki, gələcəkdə yaxşı dərzi olub, öz brendimi yaradım”

 

Məktəbin XI P sinif şagirdi Səfər  Atayev dərzi ixtisası üzrə təhsil aldığını, uşaqlıqdan bu sənətə marağının olduğunu deyir: “Məktəbdə bizim üçün hər cür şərait yaradılıb. Hər gün yeni-yeni dizaynlar üzərində işləyirik. Çalışıram ki, məktəbdə olduğum müddətdə günümü boş keçirməyim. Qarşıma hədəf qoymuşam ki, gələcəkdə yaxşı dərzi olub, öz brendimi yaradım. Bunun üçün var gücümlə çalışıram”.

 

“İKT ilə bağlı öyrəndiklərimdən çox faydalanıram”

 

Quliyeva Aytac da dərzi ixtisası üzrə təhsil alan şagirdlərdəndir. Ötən il İKT ixtisası üzrə təhsil aldığını deyən Aytac məktəbdə bir çox biliklər əldə etdiyini bildirib. “Ötən il İKT ilə bağlı öyrəndiklərimdən çox faydalanıram. Evimizdə komputerlə bağlı texniki işlərin bir çoxunu özüm edirəm. Bu il isə dərzi ixtisası üzrə bilik və bacarıqlarımızı artırmağa çalışırıq. Düşünürəm ki, hər bir qız üçün bu, əhəmiyyətli peşədir. Bizə bu şəraiti yaratdığına görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm”.

 

Niyazi RƏHİMOV