Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı Süleyman Tekeli və Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem Mingəçevir Dövlət Universitetində (MDU) olublar.

 

Səfər çərçivəsində MDU-nun rektoru Şahin Bayramov ilə aparılan müzakirələrdən sonra nümayəndə heyəti universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantlarla görüşüb.

 

Qazi Universiteti ilə işbirliyinin inkişafından və həyata keçirilən birgə fəaliyyətlərin konkret nəticələrindən bəhs edən rektor Ş.Bayramov növbəti mərhələdə universitetlər arasında əməkdaşlıqdan başlıca gözləntilərini diqqətə çatdırıb. MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda qarşıya qoyulmuş prioritet vəzifələrin yerinə yetirilməsində qardaş ölkənin tərəfdaş universitetinin dəstəyinin önəmini vurğulayan Ş.Bayramov  Qazi Universitetinin rektoru ilə keçirilmiş əvvəlki görüşlərdə razılaşdırılan əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb.

 

Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı S.Tekeli cari ilin fevral ayında MDU-nun rektoru ilə Bakıda keçirilən görüşü xatırladıb, ikitərəfli əməkdaşlığın başlıca istiqamətlərindən birinin MDU-da informasiya Texnologiyaları fakültəsinin yaradılmasına və mühəndislik fakültəsinin yenidən qurulmasına müvafiq dəstəyin göstərilməsi olduğunu qeyd edib. Bu məqsədlə işbirliyinə daim açıq olduqlarını bildirən S.Tekeli geniş təqdimatla çıxış edərək rəhbəri olduğu fakültənin başlıca nailiyyətləri ilə bağlı ətraflı məlumat verib, MDU-da mühəndislik və informasiya texnologiyaları sahəsində kadr hazırlığının müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə birgə fəaliyyətlərin potensial istiqamətləri barədə danışıb. MDU-da görülən işləri yaxından izlədiyini və modernləşmə yolunda dinamik dəyişikliklərin baş verdiyini deyən S.Tekeli əməkdaşlığın davamlı və qarşılıqlı faydalı olacağına əminliyini bildirib.

 

İki universitet arasında əməkdaşlığın konkret addımlarla möhkəmlənməsindən məmnunluğunu bildirən Qazi Universitetinin Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem MDU-da müasir ixtisaslar üzrə kadr hazırlığının, informasiya texnologiyaları sahəsinin diqqət mərkəzində saxlanılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Müasir dövrdə mühəndislik ixtisaslarının önəmindən danışan A.Erdem rəhbərlik etdiyi bölümdə tədris və elmi fəaliyyətin təşkili ilə bağlı təcrübələrini bölüşüb.

 

MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvlərinin, tələbə və magistrantlarının böyük marağına səbəb olan görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

 

Sonra nümayəndə heyəti ilə mühəndislik fakültəsində görüş keçirilib. Görüşdə fakültələr arasında tələbə və müəllim mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması, təhsilalanların və təhsil verənlərin praktiki bacarıqlarının artırılması, ikili diplom və sertifikat proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, magistratura ali təhsil proqramlarının inteqrasiyası və digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində ətraflı müzakirələr aparılıb və müvafiq ilkin razılıq əldə edilib.