Paytaxtdakı 28 nömrəli tam orta məktəbdə erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması məqsədilə maarifləndirici görüş keçirilib.

 

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəna Fərəcova,  Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis-polkovnik leytenantı Asif Məlikov, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Görüşdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva bildirib ki, təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil qızların təhsilə cəlb olunmasıdır. Qızların təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələrin,  cəmiyyətdə hələ də qalmaqda olan köhnəlmiş, patriarxal təsəvvür və stereotiplərin aradan qaldırılmasının vacibliyini qeyd edən İdarə müdiri BŞTİ-nin müvafiq qurumlarla birgə bu istiqamətdə maarifləndirici layihələrin icrasına hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

 

Sabunçu RİH başçısının müavini R.Fərəcova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini A.Sofiyeva,  Sabunçu RPİ-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis-polkovnik leytenantı A.Məlikov qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar, sosial-iqtisadi səbəblər və digər bu kimi meyillərin qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd ediblər. Bildiriblər ki, gender təhsilinə,  tədqiqatlarına və eləcə də valideynlər, məktəblilər arasında gender biliklərinin artırılmasına bundan sonra da xüsusi diqqət yetirilməlidir.

 

Daha sonra mövzu ətrafında fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.