Aprelin 15-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi Proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı keçiriləcək. 

 

Kitab Təhsil Nazirliyinin dəstəyi ilə "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib. 

 

Təqdimat mərasimi Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dəstəyi və "T-Network"un təşkilatçılığı ilə ADPU-da baş tutacaq. 

 

Təqdimatda təhsil naziri Emin Əmrullayev, Təhsil nazirliyi və tabe qurumların rəsmi şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, müəllimlər, tanınmış elm xadimləri, QHT və KİV təmsilçiləri, beynəlxalq təşkilatların əməkdaşlarının iştirakı nəzərdə tutulur. 

 

Təqdimat çərçivəsində kitabın müəllifi Andreas Şleyxer  “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” mövzusunda ustad dərsi verəcək. 

 

Sonda iştirakçılara kitab hədiyyə ediləcək. 

 

Qeyd edək ki, Andreas Şleyxer PISA, habelə təhsil siyasətlərinə və təcrübələrinə innovasiyalar tətbiq etmək və onları dəyişdirmək üçün siyasətçilər, tədqiqatçılar və müəllimlərə yönələn qlobal platforma yaratmış digər beynəlxalq alətlərin təşəbbüskarı və koordinatorudur. Andreas Şleyxer təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək üçün 20 ildən çoxdur ki dünya üzrə təhsil nazirləri və liderləri ilə birlikdə işləyir.