Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil İnstitutunun və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Görüş zamanı Təhsil İnstitutu tərəfindən buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, məktəbin perspektiv fəaliyyət istiqamətlərindən və təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışıb. İdarə müdiri buraxılış imtahanlarında şagirdləri aşağı nəticə göstərən məktəblərin nəticələrinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini söyləyib.

 

BŞTİ müdiri şagirdlərin özünüifadə bacarıqlarının inkişafında əsas rol oynayan diqqət və sürət məsələləri ilə bağlı məktəb psixoloqları tərəfindən müvafiq işlərin aparılmasının vacibliyinə toxunub.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı işlərin daha da sürətləndirilməsinə, qarşıya çıxan problemlər və onun həlli yollarının aradan qaldırılmasına dəstək veriləcəyini söyləyib.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil sistemində yeni modellərin tətbiqinə başlanılmasının, həmçinin fənlərin tədrisində, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların nəzərdən keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Görüşdə buraxılış imtahanlarında qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin aydınlaşdırılması və perspektiv planların tərtib edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Daha sonra məktəb direktorları və müəllimlərin iştirakı ilə müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.