Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  rektoru, professor Mustafa Babanlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva və nümayəndə heyəti ilə görüşüb.

 

Rektor M.Babanlı universitetin HPC Mərkəzi haqqında məlumat verib, mərkəzin ölkədə HPC ilə bağlı elmi texnoloji məsələlərin həlli, kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində, hava proqnozlaşdırması və kadr hazırlığı kimi bir çox istiqamətlərdə çox böyük tətbiq imkanlarına malik olduğunu vurğulayıb.

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi U.Tağıyeva universitetlə həm texniki, həm də kadr hazırlığı məsələlərində, o cümlədən hava proqnozlaşdırması ilə bağlı lokal proqramların işlənməsi istiqamətində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklərini qeyd edib.

 

Sonda tərəflər arasında təhsil və elmi-texniki inkişaf sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

 

Qeyd edək ki, saziş hava proqnozu modellərinin həyata keçirilməsi üçün Hesablama Platformasının hazırlanması, müvafiq hava proqnozu modellərinin icra olunması, Azərbaycanın bütov ərazisi və ayrı-ayrı bölgələri üzrə xüsusi hava proqnozlaşdırma modelinin hazırlanması istiqamətində əməkdaşlığa yönəlib. Bununla yanaşı, müqavilədə Milli Hidrometeorologiya Xidmətinin təkliflərinə əsasən, müvafiq kadr hazırlığının həyata keçirilməsi, qarşılıqlı sənaye və elmi təcrübə proqramları, həmrəhbərlik prinsipi əsasında elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq məsələləri də nəzərdə tutulub.