Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

Almaniyanın Siegen Universitetinin və SRH Tətbiqi Elmlər Universitetinin qonaq professoru Müslüm İbrahimov seminarda məruzə ilə çıxış edib.

 

Məruzədə professor sahibkarlıq ekosistemlərinin qurulması, yeni şirkətlərin yaradılması, onların maliyyə, texnologiya, insan resurslarına və bazarlara çıxış imkanlarının genişləndirilməsi haqqında danışıb, uzunmüddətli dövrdə səmərəli və rəqabətqabiliyyətli fəaliyyətin təmin edilməsinə hədəflənən müvafiq bazar şəraitinin formalaşdırılmasından bəhs edib.

 

Sonda müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.