Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxer ilə görüşüb.

 

Qurumdan bildirilib ki, DİM-in struktur bölmə rəhbərlərinin də iştirakı ilə keçirilən görüş zamanı birgə ekspert qrupları səviyyəsində PISA yönümlü sualların yerli imtahanlarda istifadəsi və həssas qrupa aid olan şagirdlərin beynəlxalq qiymətləndirmə layihələrində inkluzivliyinin təmin edilməsinin vacibliyi istiqamətlərində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

 

İclasda, həmçinin DİM-in beynəlxalq əməkdaşlıq layihələri, PISA yönümlü tapşırıqların gələcəkdə imtahanlarda istifadə olunması məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə bu il keçirilməsi nəzərdə tutulan təlimlər və İƏİT-in SIGMA proqramı çərçivəsində “Dövlət qulluğunda səriştə modelinin tətbiqi” pilot layihəsi haqqında məlumat verilib.

 

Andreas Şleyxer öz növbəsində təhsildə qiymətləndirmənin vacibliyini və tədris ilə vəhdətdə olduğu halda böyük gücə sahib olduğunu qeyd edib və DİM-in təcrübəsini yüksək qiymətləndirdiyini vurğulayaraq birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsini dəstəkləyib.

 

Görüşdə təhsil nazirinin müşaviri Elnur Nəsibov və T-Network platformasının koordinatoru Cəfər Mənsimi də iştirak edib.