Bakı Ali Neft Məktəbi (BANM) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.

 

BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu qurumla təməli qoyulan əməkdaşlıq qarşılıqlı fayda verəcək: “Ali Məktəbimizdə yetişdirilən yüksəkixtisaslı kadrlar təkcə sənayedə deyil, müxtəlif sektorlarda peşəkarlıqla xidmət göstərirlər. İmzalanan bu sənəd BANM-də yetişən peşəkar kadrların Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin çoxprofilli sahələrində təcrübə keçmələrinə və fəaliyyət göstərmələrinə imkan yaradacaq. Memorandum həm də BANM-də aparılan müxtəlif elmi-tədqiqatların biznesə çevrilməsinin təşkilinə yardım baxımından da əhəmiyyətlidir. Həmçinin, Biznesin idarəedilməsi proqramında Xidmətin peşəkar mütəxəssisləri tərəfindən dərslərin keçirilməsi də əməkdaşlığa böyük töhfə verən istiqamətlərdəndir”.

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli  uzunmüddətli hədəflərə doğru irəliləməkdə birgə fəaliyyətin vacibliyini qeyd edib: “İnsan kapitalının inkişafı ən vacib amildir və bu Ali Məktəb də məhz buna xidmət etməklə cəmiyyətimizə, ölkəmizə töhfə verir”.

 

Daha sonra rektor E.Qasımov və Xidmətin rəisi M.Abbasbəyli Əməkdaşlıq Memorandumunu imzalayıblar.

 

Qeyd edək ki, memorandumda Ali Məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq, təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili, eyni zamanda tədris müəssisəsini xüsusi fərqlənmə ilə bitirmiş məzunların işlə təmin edilməsi ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması üzrə əməkdaşlıq da əks olunub.

 

Dövlət Xidmətinin əməkdaşları üçün Ali Məktəbin ixtisasartırma proqramları əsasında ixtisasartırma kurslarının təşkili, Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq təlim-tədris proseslərində mühazirəçi, praktiki məşğələ aparan və s. qismində cəlb olunması,  tələbələri Dövlət Xidmətinin fəaliyyəti və Xidmətdə mövcud olan vəzifələr haqqında məlumatlandırmaq məqsədilə Ali Məktəbdə “Karyera günləri”nın keçirilməsi də memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindəndir.