Yeni Azərbaycan Partiyası (YAP) Bakı Mühəndislik Universiteti (BMU) ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

 

Əvvəlcə YAP-ın fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

 

BMU-nun tərbiyə işləri üzrə prorektoru, YAP BMU ərazi ilk partiya təşkilatının sədri Bayram Hüseynzadə təmsil etdiyi qurumun 5 illik fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Ərazi ilk partiya təşkilatının 27 aprel 2017-ci ildə təsis olunduğunu bildirən prorektor ötən illərdə təşkilat üzvlərinin sayının artdığını vurğulayıb.

 

B.Hüseynzadə ötən dövrdə partiyanın qurucusu, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılması, həmçinin Prezident, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sferalarında əldə olunan nailiyyətlərin geniş təbliğ edilməsi yönündə keçirilən mühüm tədbirləri  nəzərə çatdırıb.

 

YAP-ın yaradılmasının ildönümlərinə həsr olunmuş təntənəli yubiley mərasimlərində, bələdiyyə, parlament və prezident seçkilərində BMU ərazi ilk partiya təşkilatı üzvlərinin fəal iştirak etdiyini söyləyən B.Hüseynzadə tələbələrin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda respublikanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə gerçəkləşdirdiyi tədbirləri də ayrıca qeyd edib.  

 

BMU-nun rektoru, professor Havar Məmmədov partiyanın “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradıldığını xatırladıb. Ötən əsrin 90-cı illərində baş verən proseslərdən və  ictimai-siyasi şəraitdən bəhs edən rektor ölkədə anarxiya, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi zamanında YAP-ın əsasının qoyulduğunu bildirib.

 

H.Məmmədov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlət müstəqilliyinin möhkəmlənməsindən, ordu quruculuğundan, təhsilin səviyyəsinin yüksəlməsindən və digər sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini layiqincə davam etdirir və onun rəhbərliyi dövründə qalib dövlətə çevrilən Azərbaycanın qüdrəti, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb.

 

Rektor bildirib ki, YAP BMU ərazi ilk partiya təşkilatı fəaliyyət göstərdiyi 5 il müddətində çoxsaylı önəmli tədbirlər həyata keçirib, tələbələrin  maarifləndirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli işlər görüb.

 

YAP-ın bugünkü fəaliyyətinə toxunan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra qısa zaman ərzində Füzuli hava limanının istifadəyə verilməsindən, Zəfər yolunun inşasından, Şuşa mədəni irsinin bərpasından və Qarabağda həyata vəsiqə qazanan digər quruluculuq işlərindən söz açıb.

 

A.Əliyev YAP BMU ərazi ilk partiya təşkilatının aktiv fəaliyyətini yüksək qiymətləndirib, bundan sonra əməkdaşlığın daha da artacağına əminliyini bildirib.

 

Sonra gündəlikdə duran məsələlər müzakirə olunub. İclasda ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib və təşkilati məsələlərə baxılıb. B.Hüseynzadə yenidən BMU YAP ərazi ilk partiya təşkilatının sədri seçilib.

 

Tədbirin sonunda YAP üzvlüyünə yeni müraciət etmiş BMU əməkdaşlarının və tələbələrin bir qisminə üzvlük vəsiqələri təqdim olunub.