Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 aprel 2022-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

 

DİM-dən bildirilib ki, imtahanlar respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq. Aprelin 23-də keçiriləcək imtahanda 21337, aprelin 24-də keçiriləcək imtahanlarda isə 21790 nəfər olmaqla, ümumilikdə 43127 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahan saat 11:00-da başlanır. 

 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 193 imtahan binası, 3271 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 193 ümumi imtahan rəhbəri, 524 imtahan rəhbəri, 4082 nəzarətçi-müəllim, 381 buraxılışı rejimi əməkdaşı (mühafizə), 193 bina nümayəndəsi ayrılıb.

 

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış olmaq mümkündür.