Naxçıvan Müəllimlər İnstitutunda yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professor-müəllim heyəti və bir qrup tələbələrinin görüşü keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, Zahid Xəlil Azərbaycan ədəbi-mədəni mühitində şair, nasir, həm də uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı kimi tanınmış alimdir. Dövrün yeniləşən ruhuna, milli mənsubluq duyğusuna, orijinal yanaşmalara köklənən şair bir-birindən maraqlı bədii örnəklərin yaranmasında xidmət göstərmiş ziyalıdır. Rektor vurğulayıb ki, Z.Xəlilin poeziyası bilgi vermək, uşaq dünyagörüşünü formalaşdırmaq, həyat təsəvvürlərini genişləndirmək gücü ilə səciyyələnir. Onun çeşidli poetik örnəkləri təkcə məzmun uğurluluğu ilə deyil, həm də fikrin çatdırılması formasının özünəməxsusluğu ilə diqqəti cəlb edir, şeir və hekayələri mövzusu ilə bir istiqamətdə ənənəyə bağlanır, digər baxımdan orijinal yaradıcı təfəkkürünün nümunəsi olaraq müstəsna təsəvvür formalaşdırır.

 

A.Novruzov bildirib ki, müasir Azərbaycan uşaq ədəbiyyatının dünya xalqlarına tanıdılmasında Z.Xəlilin inkaredilməz xidmətləri vardır.

 

İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayilova da çıxış edib, Z.Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

 

Sonra Z.Xəlil çıxış edərək, görüşün təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib. Tələbələrə öz həyat yolundan bəhs edərək tövsiyələr verib və ona ünvanladıqları müxtəlif məzmunlu sualları cavablandırıb.

 

Sonda institutun tələbələri Zahid Xəlilin şeirlərini söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.