Naxçıvan Dövlət Universitetində (NDU) 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə aparılmış elmi-tədqiqat işlərinin başlanğıc konfransı keçirilib.

 

Universitetin Elm və İnnovasiyalar bölməsinin baş elmi işçisi Türkan Quliyevanın fərdi rəsm sərgisinə baxışdan sonra rektor Elbrus İsayev konfransı açıq elan edib, ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, TEC üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə cəlb olunmasını yüksək qiymətləndirir. Qeyd edilib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir.           

 

Universitetin Elm və İnnovasiyalar bölməsinin müdiri, fəlsəfə doktoru Rza Məmmədov “Təhsilalanların elmi-tədqiqat fəaliyyətlərinin planlanması” mövzusunda çıxış edib. Qeyd edib ki, TEC tələbələrin elmi-tədqiqat və elmi praktiki işinin təşkili, koordinasiyası üçün yaradılan, öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. Diqqətə çatdırılıb ki, TEC-in prioritet məqsədlərindən biri tələbələrdə elmə marağın artırılması, araşdırma bacarıqlarının formalaşdırılmasıdır.

 

TEC-in sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Təbrizə Bağırova 2021-2022-ci tədris ilində TEC xətti ilə yerinə yetirilən işlərin vəziyyəti və cəmiyyətin hədəfləri haqqında məlumat verib. Qeyd olunub ki, TEC dərs ilinin əvvəlindən tələbələrin elmi-tədqiqat işlərinə start verir və bu proses aprel ayına qədər davam edir. Bildirilib ki bu tədris ilindən etibarən ixtisasından asılı olmayaraq, tələbələr elm sahələrinə görə elmi-tədqiqat mövzusu seçə bilərlər. Vurğulanıb ki, artıq 677 tələbə 2021-2022-ci tədris ilində 414 müəllimin rəhbərliyi ilə elmi-tədqiqat işlərini yekunlaşdırıb. Bundan əlavə, tədris ilində TEC 3062 tələbəni əhatə etməklə 37 tədbir, 1 düşərgə, 1 elm olimpiadası, 1 konsert proqramı, 2 konfrans, 12 təlim, 2 ekskursiya, 4 dəyirmi masa həyata keçirib.

 

Sonda müxtəlif mövzulara dair çıxışlar səslənib.