Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri ilə görüş keçirilib. Görüşdə Birliyin  rəhbəri İntiqam Yaşar, İdarə Heyətinin üzvü Habil Rzanur, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, qubalı yazar Murad Muradov, yazar Ceyhun Ağabəyov, Quba Rayon İcra Hakimiyyətinin  nümayəndəsi Əhməd Nurullayev, Quba filialının direktoru, dosent Yusif Alıyev, filialın tələbləri və müəllimləri iştirak ediblər.

 

Dosent Y.Alıyev görüşün "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşkili" layihəsi çərçivəsində keçirildiyini bildirib.

 

Direktor qeyd edib ki, mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. O, gəncləri nəinki bədii qiraətlə məşğul olmağa, həmçinin yazıb-yaratmağa səsləyərək bu istiqamətdə fəaliyyət göstərən DGTYB-nin beynəlxalq hüquqi şəxs olaraq onlarla kitab nəşr edən, saytlar açan, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər keçirən, Türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum olduğunu bildirib.

 

Görüşdə İ.Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib və DGTYB tərəfindən hazırlanan "Gəncliyin sözü" kitabını təqdim edib. "Gəncliyin sözü"ndə 55 gənc yazarın müxtəlif mövzularda əsərlərinin toplandığını söyləyib.

 

Qeyd edək ki, DGTYB ayrı-ayrı türk ölkə və topluluqlarında təşkil olunan onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib. Birliyin türk ölkə və topluluqlarında təmsilçiləri fəaliyyət göstərir. Təşkilat olaraq 2007-ci ildə Türk dünyasında gənc yazarların "Gənclər mükafatı"na layiq görülüb. Qurum Qırğız Respublikasının Milli Yazıçılar Birliyi, Özbəkistanın Gənc Yaradıcılar Birliyi və s. təşkilatlarla əməkdaşlığa dair memorandumlar imzalayıb.