Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən ali və orta ixtisas təhsili müəssisələri arasında silsilə idman yarışlarının bağlanış mərasimi keçirilib.

 

Yarışların təşkilatçıları Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman İdarəsidir.

 

Bağlanış mərasimində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahəddinova, millət vəkili Ülvi Quliyev iştirak ediblər.

 

Mərasimdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü böyük sevinc hissi ilə qeyd edir:”Azərbaycanda idmanın inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra gənclər və idman siyasəti dövlətin əsas prioritetləri sırasına daxil edilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir”.

 

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə bildirib ki, Azərbaycan gəncləri həm təhsil, həm idman sahəsində bütün dünyada öz uğurları ilə seçilirlər.

 

Daha sonra idman yarışlarının qalibləri elan olunub.

 

Qeyd edilib ki, yarışlarda müxtəlif ali və orta ixtisas məktəblərindən idmanın 6 növü üzrə 422 tələbə mübarizə aparıb. Onlardan 300-ü oğlan, 122-si qızdır.

 

Oğlanlar üzrə voleybol yarışlarında III yeri Azərbaycan Texniki Universitetinin, II yeri Azərbaycan Pedaqoji Kollecinin, I yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qazanıb.

 

Qızlar arasında voleybol yarışlarında III yerə Azərbaycan Texniki Universiteti, II yerə Azərbaycan Pedaqoji Kolleci, I yerə isə BDU-nun komandası sahib olub.

 

Dama yarışlarında III yeri İnşaat Kolleci, II yeri Bakı Nəqliyyat və Rabitə Kolleci, I yeri isə Azərbaycan Pedaqoji Kollecinin komandaları qazanıb.

 

Şahmat yarışlarında III yerə Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yerə Azərbaycan Texniki Universiteti, I yerə isə BDU-nun komandaları çıxıb.

 

Mini futbol yarışlarının qalibləri 2 nömrəli Bakı Baza Tibb Kolleci (III yer), Azərbaycan Texniki Universiteti (II yer) və Bakı Dövlət Universitetinin (I yer) komandaları olub.  

 

Stolüstü tennis yarışlarında III yerə Azərbaycan Texniki Universiteti, II yerə Azərbaycan Pedaqoji Kolleci, I yerə isə BDU-nun komandaları layiq görülüb.

 

Basketbol yarışlarının qalibləri isə Azərbaycan Pedaqoji Kolleci (III yer), Bakı Dövlət Universiteti (II yer) və Azərbaycan Texniki Universitetinin (I yer) komandaları olub.

 

Beləliklə, BDU-nun qızlar arasında voleybol, şahmat, stolüstü tennis və mini futbol komandaları ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən idman yarışlarının qızıl, basketbol komandası isə gümüş mükafatçısıdır.