İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib. İctimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, həmçinin işəgötürənlərin iştirak etdiyi tədbirdə qonaqlara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar və peşə təhsil müəssisəsinin digər imkanları haqqında ətraflı məlumat verilib. Aşpaz, dərzi, xalçaçılıq istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Müxtəlif istiqamətlər üzrə təşkil edilən ustad dərsləri maraqla izlənilib.

 

Qonaqların diqqətinə çatdırılıb ki, mərkəzdə əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Qeyd edilib ki, mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.

 

Tədbir zamanı işəgötürən təşkilatların rəhbərləri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib, bu əməkdaşlığın tələbələr və işəgötürənlər üçün müsbət nəticələrini vurğulayıblar.

 

“Açıq qapı” günündə mərkəzin məzunları çıxış edib, şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında məsləhət və tövsiyələrini verib, öz uğur hekayələrini, təcrübələrini onlarla bölüşüblər.

 

Xatırladaq ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.