Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir. Sammitə, ümumilikdə 60 ölkənin nüfuzlu universitetlərinin rəhbər şəxsləri qatılıb.

 

Sammitin açılış günü iştirakçılar əvvəlcə Fugita Universitetində həm Yaponiyanın, həm də yüksək texnologiyalar istehsalı ilə məşğul olan şirkətlərin məhsulları nümayiş etdirilən sərgi ilə tanış olublar.

 

Sammitin açılış mərasimində çıxış edən “Times Higher Education” təşkilatının elmi tədqiqatlar üzrə rəhbəri Fil Beti, Fugita Universitetinin rektoru Yukio Yuzava, İmperator ailəsinin üzvü şahzadə Tomohito və Aiçi prefekturasının qubernatoru Hideaki Omura sammit iştirakçılarını salamlayaraq, onlara bu beynəlxalq tədbirin keçiriləcəyi günlərdə aparılacaq müzakirələrdə uğurlar arzulayıblar.

 

Açılış mərasimindən sonra sammit işini plenar iclaslarla davam etdirib.

 

“Naxçıvan Dövlət Universitetinin rektoruna və əməkdaşlarına Yaponiyaya gələrək “Times Higher Education” təşkilatının zirvə görüsünə qatıldıqlarına görə  minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, bu universitet Qafqaz regionundan bizim sammitə qatılan ilk ali təhsil müəssisəsidir. Azərbaycandan gəlmiş qonaqları universitetimizdə salamlamaqdan çox məmnunam. Bildiyiniz kimi, COVID-19 pandemiyasına görə biz iki il idi ki, bir çox ölkələrlə əyani görüşmək imkanını itirmişdik. Düşünürəm ki, internet üzərindən əlaqələrin qurulması da bizə yaxşı təcrübə verdi. Ümid edirəm ki, zirvə görüşü azərbaycanlı qonaqlarımızın xoşuna gəlib və biz artıq bir-birimizlə xoş ünsiyyət qurmağa nail olmuşuq. Sammit həm də tədbirin iştirakçısı olan digər universitetlər və şirkətlərlə əməkdaşlıq əlaqələri qurmağa şərait yaradıb. Biz NDU-nun rektoru ilə ilkin danışıqlar apardıq və qurulacaq qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını düşünürəm. Biz yalnız birlikdə insan resurslarını inkişaf etdirməyin yollarını tapa bilərik. Belə ki, iki universitet arasında tələbə və  müəllim heyətinin mübadiləsinin təşkili hər iki tərəfin inkişafına mühüm təsir göstərə bilər. Bunun üçün əlaqələrimizi və dostluğumuzu möhkəmləndirməliyik. Düşünürəm ki, bu zirvə görüşü aramızdakı əlaqələri yaratmaq və inkişaf etdirmək üçün çox yaxşı şansdır”.

 

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Fugita Universitetinin rektoru Yukio Yuzava deyib.

 

NDU-nun rektoru Elbrus İsayev də agentliyə bildirib ki, tədbirin məqsədi Asiyanın qabaqcıl ali təhsil müəssisələrinin bir araya gətirilməsi və elmi araşdırmaların istiqamətləri ilə bağlı geniş müzakirələrin aparılmasıdır: “Sammit çərçivəsində təşkil ediləcək plenar iclaslarda, simpozium və konfranslarda iştirak, aparılacaq diskussiyalara qoşulmaq imkanı yaratdıqlarına görə təşkilatçılara minnətdarıq. Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətədavamlılığının artırılması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam var və bu mühüm sənəd, bütün universitetlərin, o cümlədən NDU-nun qarşısında çox ciddi vəzifələr qoyur. Məhz bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən ali təhsil məktəbləri təhsil sahəsində nüfuzlu beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verirlər. Bizim universitetdə də bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılır. Əməkdaşlıq etdiyimiz təşkilatlar sırasında “Times Higher Education” təşkilatı xüsusi yer tutur. Məhz bu təşkilatla qurulmuş əməkdaşlıq nəticəsində bizim universitet son iki ildə reytinq qiymətləndirməsində xüsusi uğurlar qazanıb. Düşünürəm ki, bu gün Naqoyanın Fugita Universitetində keçirilən sammit həmin əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirəcək və təkcə həmin təşkilatla deyil, həmçinin Asiya regionunun nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrimizin inkişafına mühüm təsir göstərəcək. Bununla yanaşı, regionun bütün dünyada tanınmış məşhur şirkətlərinin bu sammitə qatılması bizim onlarla da birbaşa əməkdaşlıq əlaqələri qurmağımıza şərait yaradacaq”.