Naxçıvan Dövlət Universitetinin (NDU) Energetika mühəndisliyi ixtisasında təhsil alan tələbələr İtaliyada təcrübədə olublar.

 

NDU-dan bildirilib ki, "Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" imzalanan müvafiq sərəncama əsasən, universitetin memarlıq və mühəndislik fakültəsinin Energetika mühəndisliyi ixtisası Naxçıvan Dövlət Energetika Xidmətinin hamiliyinə verilib. Hamiliyə verilən ixtisasın tələbələrinin təyin olunan proqram çərçivəsində enerji istehsalı prosesləri, yeni texnologiyaların tətbiqi, alternativ və bərpaolunan enerji sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, praktiki biliklərin artırılması üçün xarici dövlətlərin təcrübələrindən istifadə edilməsi həyata keçirilir.  

 

Naxçıvan Dövlət Energetika Xidmətindən 3 mühəndis, NDU-da təhsil alan 6 tələbə və müəllim heyətinin İtaliyaya səfəri də bu məqsədlə təşkil edilib. İtaliyadan təyin edilən heyətin başçılığı ilə əvvəlcədən planlaşdırılan proqrama uyğun şəkildə   səfərin ilk günü Florensa şəhəri ilə tanışlıq olub. Tələbələr şəhərin tarixi yerləri, meydanları,  abidələri ilə birlikdə Florensiyanın incəsənət əsərlərindən ibarət  məhşur incəsənət muzeyinə baxıblar. Burada tələbələr Donatello, Mikelancelo, Leonardo do Vinçi, Sandro Botçelli kimi dünyaca görkəmli rəssamların əsərləri ilə tanış olublar.

        

Səfərin növbəti günündə tələbələr Florensiya şəhərində yerləşən Fimer şirkətinin təlim mərkəzində yeni texnologiyalardan biri olan invertorlar haqqında mühazirə dinləyiblər. Mühazirədə invertorların quruluşu, iş prinsipi, daxilində gedən enerji dəyişmələri, tətbiq sahələri və digər vacib məlumatlar diqqətə çatdırılıb. Qarşılıqlı sual-cavab əsasında təşkil edilən mühazirədə tələbələrin sualları ətrafli şəkildə cavablandırılıb. Sonra həmin şirkətin ərazisində yerləşən Günəş Elektrik Stansiyasına baxış zamanı tələbələr ərazidə quraşdırılan invertorlarla, günəş panelləri və yarımstansiyalarla tanış olublar.

        

Səfərin üçüncü günündə Roma şəhərindən dəvət olunmuş professor tərəfindən günəş və külək enerji qurğularının iş prinsipi, quruluşu, quraşdırılması, onlar arasındakı məsafələr, panellərin günəşə nəzərən istiqamətləri, külək enerji qurğularının küləyin istiqamətindən və sürətindən asılı olaraq yerləşdirilməsi və digər məlumatlar diqqətə çatdırılıb. Sonra tələbələr həmin şirkətə məxsus invertor istehsal edən müəssisədə invertorların necə istehsal edildiyinin, onların hissələrinin necə quraşdırılaraq sonda hazır hala gəlməsinin əyani şahidi olublar.