Naxçıvan Dövlət Universiteti (NDU) xarici dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə olaraq imtahan keçirilib. Həm General IELTS, həm də akademik IELTS olaraq nəzərdə tutulan imtahanda 12-yə yaxın nəfərin akademik IELTS bacarıqları qiymətləndirilib. Namizədlər IELTS danışıq imtahanında iştirak edib, 1 gün sonra onların dinləmə, oxu və yazı bacarıqları qiymətləndirilib.

 

İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.

 

Məlumat üçün onu da bildirək ki, mərkəz Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb, qeydiyyat və imtahan mərkəzi olaraq fəaliyyət göstərir. Yaradılan mərkəzin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərəcək.