Naxçıvan Dövlət Universiteti ilə (NDU) muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv görüş keçirilib.

 

NDU-nun rektoru Elbrus İsayev görüşdə iştirak edən şagirdlərə universitetin maddi-texniki bazası, müasir tədris üsulları haqda məlumat verib. Bildirib ki, klassik universitet modelinə malik Naxçıvan Dövlət Universitetində 8000-ə yaxın tələbə təhsil alır. Rektor ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun və bu il ilk dəfə tələbə qəbulu aparılan Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının üstünlüklərindən danışıb.

 

Universitetdə ingilis dilli İqtisadiyyat ixtisasının uğurlu fəaliyyəti haqda məlumat verən E.İsayev diqqətə çatdırıb ki, bu il ali təhsil ocağında ingilis dilində Beynəlxalq münasibətlər ixtisası üzrə də tələbə qəbulu aparılacaq.

 

Rektor ali təhsil ocağının beynəlxalq aləmdə qazandığı uğurlara da toxunub. Qeyd edib ki, bu günlərdə Yaponiyanın Naqoya şəhərində olan NDU nümayəndə heyəti nüfuzlu universitetlərin sammitində uğurla təmsil olunub. Universitet növbəti tədris ilindən etibarən Yaponiyanın qabaqcıl ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığa başlayacaq. Belə ki, NDU-da oxuyan tələbələrin mobilliyi təmin olunacaq və onlar Yaponiya universitetlərində müəyyən zaman üzrə təhsillərini davam etdirəcək.

 

İqtisadiyyat, Kompüter mühəndisliyi, Tarix, Coğrafiya ixtisasları üzrə ikili diplom proqramlarının fəaliyyətindən danışan rektorun sözlərinə görə, bu proqramlar üzrə təhsil alan tələbələr həm NDU, həm də xarici ölkələrlə bağlanılan müqavilələrə əsasən, həmin universitetin diplomunu əldə etmə imkanına malik olurlar.

 

Rektor tələbələrin dərsdən kənar məşğuliyyətlərinin, dünyagörüşlərinin, sosial bacarıqlarının qiymətləndirilməsi məqsədilə ali təhsil ocağında tələbə təşkilatlarının bu sahədə aktiv bacarıqlarını qiymətləndirib. Qeyd edib ki, tələbələr, həmçinin bu məqsədlə müxtəlif könüllülük proqramlarına qoşulur, öz bacarıqlarını daha da zənginləşdirirlər.

 

Sonda şagirdlər üçün universitetin tanıtım çarxı nümayiş olunub.