Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının dosenti Ləman Məmmədovanın “Təsviri sənət məbədi-muzeylər” adlı kitabının təqdimatı keçirilib.

 

Təqdimatda institutun rektoru Azad Novruzov qeyd edib ki, muzeylər tarixlə bağlı həqiqəti təcəssüm etdirən, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən zəngin mədəniyyət ocaqlarıdır:”Mədəni irsimizin, milli mənəvi dəyərlərimizin qorunması, təbliği sahəsində böyük xidmətləri olan muzeylərin ölkəmizdə, o cümlədən muxtar respublikamızda inkişafı üçün mühüm qərarlar verilir, müzeylərin şəraiti yaxşılaşdırılır”.

 

Rektor İncəsənət kafedrasının dosenti Ləman Məmmədovanın ərsəyə gətirdiyi “Təsviri sənət məbədi-muzeylər” adlı monoqrafiyanı yüksək qiymətləndirib, bakalvr, magistr, doktorantlar və digər tədqiqatçılar, həmçinin dünya muzeyləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulan monoqrafiyanın əhəmiyyətli olduğunu vurğulayıb.  

 

Tədbirdə institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  monoqrafiyanın ön söz müəllifi və elmi redaktoru Həbibə Allahverdiyeva kitab haqqında dəyərli fikirlər bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Müəllimlər İnstitutunun dosenti L.Məmmədovanın müəllifi olduğu bu kitabda həm Azərbaycan, həm də dünya muzeylərini bəzəyən nadir sənət əsərlərimizin janrı, üslub xüsusiyyətləri, yaranma tarixi, müəllifləri haqqında dəyərli məlumatlar verilib.

 

Prorektor nəzərə çatdırıb ki, Gəmiqaya abidələri, Kültəpə Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının keramika və metal məmulatı, daş üzərində oyma sənəti, bədii şüşə sənəti, orta əsrlərdə təsviri incəsənətimizi dünyada tanıdan Təbriz miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, kaşı sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları  və s. qədim, zəngin tarixə malik Azərbaycan mədəniyyətinin milli təsviri sənət irsinin zənginliyinin göstəricisidir.

 

Monoqrafiyanın rəyçilərindən biri Xalq rəssamı, professor Hüseynqulu Əliyev isə deyib ki,  müəllifin elmi yaradıcılıqda uğur qazanması onun bədii yaradıcılıqla da məşğul olması ilə bağlıdır:” Rəssamlığın sirlərinə dərindən bələd olan rəssam-sənətşünas yaradılan əsərləri daha dərindən təhlil etməyə qadirdir”.

 

Sonda monoqrafiyanın müəllifi tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.