Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində keçirilən tədbirin qonağı olub.

 

“Sahibkarlıq universiteti modeli: təhsil-elm-biznes üçbucağı” mövzusunda keçirilən görüşün moderatoru, MDU-nun rektoru Şahin Bayramov tədbiri ASK və MDU arasında yeni yaradılan işbirliyi çərçivəsində atılan ilk addım kimi yüksək dəyərləndirib və qarşılıqlı faydalı birgə fəaliyyətlərin davamlı olacağına inandığını söyləyib. 

 

Layihənin əsas məqsədini və mövzunun aktuallığını diqqətə çatdıran Ş.Bayramov ASK-nın vitse-prezidenti V.Zeynalovun bioqrafiyası, sahibkarlığın inkişafında və sahibkarlıq siyasətinin həyata keçirilməsində fəal iştirakı, maarifləndirici xidmətləri, beynəlxalq və yerli layihələr çərçivəsində fəaliyyətləri barədə məlumat verib. Yeni dövrün universitetinə çevrilmək yolunda sahibkarlıq bacarıqlarının inkişafının, universitet-sənaye əlaqələrinin gücləndirilməsinin, sənayenin tələblərinə uyğun kadr hazırlığı və elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsinin önəmindən bəhs edən rektor görüşdə bununla bağlı faydalı təcrübələrin bölüşüləcəyinə, maraqlı fikir mübadiləsinin aparılacağına əminliyini bildirib və tədbir iştirakçılarına uğurlar arzulayıb.

 

MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən V.Zeynalov dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib. Sahibkarlıq fəaliyyətinə başlaması ilə bağlı xatirələrini bölüşən V.Zeynalov bu istiqamətdə əldə etdiyi uğurlarda tələbəlik dövründə ictimai və sosial fəallığın qazandırdığı təcrübənin önəmli paya sahib olduğunu bildirib.

 

Sahibkarlıq fəaliyyətinin cəmiyyətin inkişafındakı rolundan danışan V.Zeynalov peşəyönümü haqqında fikirlərini paylaşıb, sahibkar peşəsinin fərqli xüsusiyyətləri, əsas problemləri və üstünlüklərini qeyd edib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb.