Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qaliblərindən olan “Mingəçevir Dövlət Universitetində (MDU) kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına dair hesabat görüşü olub.

 

“Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunan görüşdə nazirliyin müvafiq əməkdaşları, universitetin bir qrup akademik və inzibati heyət üzvü iştirak ediblər.

 

Görüşdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov universitetdə müvafiq ixtisaslar üzrə ali təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi və müasir tələblərə uyğun yüksək ixtisaslı kadrların hazırlanması baxımından layihənin önəmini diqqətə çatdırıblar.

 

Sonra layihənin rəhbəri, Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmaz hesabatla çıxış edərək layihənin icrası ilə bağlı ətraflı məlumat verib. Hesabatda ümumi büdcəsi 55 min manata yaxın olan sözügedən layihə çərçivəsində görülən işlər, o cümlədən ayrılan vəsaitlərin istifadəsi, İT laboratoriyasının qurulması, müvafiq fənlər üzrə proqram və sillabusların hazırlanması, akademik heyət üzvlərinin təlimləndirilməsi və  digər məsələlər əksini tapıb.

 

Sonda layihə çərçivəsində gözlənilən fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.