Füzuli rayonundakı 59 nömrəli tam orta məktəbdə “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” adlı tədbir keçirilib.

 

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülbahar Eyvazova  çıxış edərək ölkəmizdə uğurlu uşaq siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu istiqamətdə yaranan hüquqi baza haqqında  ətraflı məlumat verib. Deyib ki, bu siyasətin bariz nümunəsi kimi istər dövlət qurumlarında, istərsə də ictimai mühitdə hər zaman gələcəyimiz olan uşaqlara diqqət və qayğı ilə yanaşılıb. Natiq qeyd edib ki,  Prezident  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə uşaq siyasətini uğurla davam etdirir, yetişməkdə olan nəslin rahat yaşaması, təhsil alması və hüquqlarının qorunması naminə mühüm addımlar atırlar.

 

Tədbir rayon polis şöbəsinin azyaşlılarla iş üzrə inspektoru, polis mayoru Elnur Ələkbərovun, rayon Təhsil sektorunun metodisti Elman Rzayevin və digər iştirakçıların çıxışları ilə davam edib. Çıxışlarda bildirilib ki, narkomaniyaya, erkən nikahlara, uşaq əməyinin istismarına, uşaqlara qarşı istənilən zorakılıq hallarına qarşı mübarizədə birgə əməkdaşlıq zəruri və əhəmiyyətlidir. O da vurğulanıb ki, uşaqlara qarşı zorakılıq halları, xüsusilə təhsil müəssisələrində uşaqlarla davranışda hər hansı kobudluq, neqativ hallar yolverilməzdir və məktəb direktorları, bağça müdirləri, sinif rəhbərləri, məktəb psixoloqları bu məsələlərdə daha məsuliyyətli, diqqətli olmalıdır.

 

Füzuli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İlahə Süleymanova hazırladığı “Uşaq hüquqlarının qorunması” adlı slaydını və bu mövzuda məruzəsini təqdim edib.

 

Sonda təhsil ocağının direktoru Elnarə Məmmədova uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi üçün mütəmadi  aparılan müzakirələrin, monitorinqlərin, aidiyyatı qurumlarla, xüsusilə valideyinlərlə sıx  əməkdaşlığın ümumi işin xeyrinə təsirindən danışıb, bu cür görüşləri müsbət qiymətləndirib və çıxış edənlərə təşəkkürünü bildirib.   

 

Sifai SƏFƏROVA